“Azərbaycandan gətirilən buğdadan hazırlanan çörəyi hamımız yedik, heç kim zəhərlənməyib” – Erməni nazir

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycandan gətirilən buğdanın keyfiyyəti ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, nazir bu barədə özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin iddialarına baxmayaraq, Azərbaycandan idxal edilən 3-cü sort rus buğdası artıq una və çörəyə çevrilib və ölkədə hər kəs həmin çörəyi istehlak edib.

“Hamımız o çörəyi yedik və gördüyünüz kimi heç kim zəhərlənməyib. 1000 ton buğda bizim gündəlik istehlakımızla müqayisədə çox az miqdardır”, – Papoyan qeyd edib.

Xatırladaq ki, bundan əvvəl sosial şəbəkə istifadəçilərindən biri Papoyandan Azərbaycandan gətirilən buğdanın təhlükəsizliyinə kim zəmanət verdiyini soruşmuşdu. Nazir isə cavabında bildirmişdi ki, bu buğdadan hazırlanan çörəyi ilk o yeyəcək.

 

Gununsesi.info