Ötən gün İranın “Səhər Azeri” kanalı məlumat yayaraq bildirmişdir ki, Türkiyənin həmrəylik karvanından ilhamlanan bir qrup Azərbaycan vətəndaşı İrana səfər edib.
Bildirilib ki, “Müqavimət Yolu Karvanı” adlı Azərbaycan şiə həmrəylik karvanının üzvləri Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Amili ilə görüşüblər.
Adları açıqlanmayan Azərbaycan vətəndaşlarının ölkəmiz əleyhinə çıxışları ilə tanınan Ayətullah Seyid Həsən Amili görüşü isə təəccübə səbəb olub.
Belə ki, “Səhər Azeri” kanalının sosial şəbəkə hesabında bu paylaşıma sərt reaksiya verən insanlar onları “İran agenti” adlandırıb.
Paylaşılan xəbərə və fotoya rəy yazan insanlar həmin şəxslərin həbsini tələb edib.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan da belə şəxslərin kimliyinin araşdırılmasının və məsələ üzrə ciddi iş aparılmasının tərəfdarıdır:

“İranda dini rəhbərlik və ümumiyyətlə, dini geyimdə olan şəxslər bizdəki din xadimləri kimi qəbul olunur. Halbuki, İran teokratik dövlətdir və orada din xadimlərinin geyimi rütbə bildirir. Bu, əslində bir növ xidməti geyimdir.
Yəni, həmin şəxslər, məsələn Amuli kimi şəxslər, müəyyən rütbə daşıyan adamlardır. Onların bir hissəsi kəşfiyyat qurumları ilə bağlı olur. Bu şəxslər təsadüfi seçilmir və başqa ölkələrə məqsədsiz göndərilmir.
Məsələn, vaxtilə burada fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin rəhbəri və ya hansısa böyük vilayətin imam cüməsi. İran qanunlarına görə imam cümə həmin vilayətdə icra başçısından da yüksək mövqedə sayılır. Çünki o, birbaşa dövlətin ali rəhbərinin nümayəndəsidir.
Belə olan halda, bizim ölkədən kimlərinsə dövlətin məlumatı olmadan gedib bu cür şəxslərlə görüşməsi müəyyən şübhələr doğurur. Əlbəttə, hər kəsi dərhal agent adlandırmaq olmaz, bunun üçün hüquqi əsaslar lazımdır. Lakin ilk baxışda ortaya çıxan nəticələr və həmin şəxslərin sonrakı fəaliyyəti bu şübhələri gücləndirir.
Bu səbəbdən məsələ çox ciddi qiymətləndirilməlidir. Görüş zəruridirsə, bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Yəni, rəsmi şəxslər gedib həmin şəxslərlə görüşə bilər. Bu, dövlətlərarası münasibətlərin tərkib hissəsi kimi qəbul olunur.
Amma sıravi şəxslərin gedib dövlət nümayəndəsi ilə görüşməsi suallar doğurur. Eyni zamanda, qarşı tərəfin də hər kəsi xüsusi qaydada qəbul etməsi diqqət çəkir.
Bəzən cəmiyyətdə belə bir yanlış təsəvvür yaradılır ki, guya oradakı şəxslər sadəcə din xadimləridir, nurani ağsaqqallardır və insanlar onlara dini məqsədlə üz tutur. Bu yanaşma düzgün deyil.
Reallıqda həmin qurumlar dini pərdə altında fəaliyyət göstərir və burada əsas məsələ siyasidir. Bu isə müəyyən hallarda təhlükə yaradır.
Məlum hadisələr göstərir ki, bəzi hallarda müxtəlif şəxslərlə bağlı baş verən hadisələrdə bu cür əlaqələrin rolu olur. Bu baxımdan məsələyə ciddi yanaşılmalıdır.
Aidiyyəti dövlət qurumlarının bu istiqamətdə iş apardığı ehtimal olunur. Lakin ümumilikdə daha diqqətli yanaşma tələb olunur.
Bu məsələdə həm dini qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəal olmalıdır. Cəmiyyətə izah edilməlidir ki, bu şəxslər dini təmsilçi deyil, rəsmi dövlət nümayəndələridir”.
Tural İrfan hesab edir ki, belə hallarda aidiyyəti şəxslər dəvət olunaraq onlardan izahat alınmalıdır. Əgər dini nümayəndənin getməsi zəruridirsə, bu, müvafiq qurumlar tərəfindən təşkil olunmalıdır:
“Son dövrlərdə İranın beynəlxalq münasibətlərində yaranmış gərginlik fonunda bəzi addımlar müşahidə olunur. Müxtəlif şüarlar altında müsəlman ölkələri ilə yaxınlıq görüntüsü yaradılmağa çalışılır.
Bu fəaliyyətlər başqa ölkələrdə, xüsusilə Türkiyədə də müşahidə olunur. Azərbaycanda müəyyən tədbirlər görülsə də, bəzi fəaliyyətlər başqa istiqamətlərdə davam edir.
Bəzi hallarda türk kimliyi adı altında çıxış edilərək insanlar arasında çaşqınlıq yaradılır. Bu, aldadıcı üsullardan biridir.
Eyni zamanda müxtəlif adlar altında – ziyarət səfərləri və digər təşəbbüslər vasitəsilə insanlar bir araya toplanır. Bu proseslərin məqsədi ilə bağlı suallar mövcuddur.
Bu sahədə davamlı nəzarət və araşdırma aparılmalıdır. Bəzi hallarda sosial şəbəkələrdə din adı altında ayrı-seçkilik, məzhəbçilik və digər zərərli çağırışlar yayılır.
Bu fəaliyyətlərin qarşısının alınması vacibdir”.
Şəbnəm Rəhimova












