“Bakı Metropoliteni” xətlərdə tətbiq edilən yenilikləri açıqladı

  • By admin
  • 07 Noyabr 2020 13:37

Bütün metropoliten xətlərinin mərhələlərlə yeni idarəetmə sistemlərinə keçilməsinə başlanılıb.

Gununsesi.info bildirir ki, bu barədə “Bakı Metropoliteni”nin 8 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günü və 53 illik inkişaf tarixi münasibətilə yaydığı açıqlama bildirilib.

Məlumatda qeyd edilir ki, metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə hərəkətin təşkilində təməl sahə olan “Nərimanov” elektrik deposundan başlanılıb. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlar ləğv olunub. Bu işlərin yerinə yetiriləcəyi mərkəz – beşmərtəbəli mərkəzləşmə məntəqəsi binasından həyata keçirilir.

Bu isə gələcəkdə CBTC sistemlərinin mövcud xətlərdə yenidənqurma işlərini davam etdirməklə həyata keçirilməsinə yol açır. Eyni zamanda, metropolitendə yüksək etibarlığı olan fiberoptik şəbəkənin çəkilməsi də başa çatdırılıb, bununla yeni tipli şəbəkənin qurulması, yeni tipli server, kommunikasiya sistemləri və avadanlıqlarına keçilməsi üçün zəmin yaradılıb. Artıq bu istiqamətdə ən mühüm yeniliklərin bir qismi də reallaşdırılıb.

Gələcəkdə qatar dispetçeri mərkəzinin SCADA sistemində sabit işlək vəziyyətinin təminatı yeni dövrün texnologiyalarına sürətli keçidin ardıcıl və mərhələli işləridir. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə cəm edən vahid dispetçer mərkəzinin qurulması sürətlə davam edir.

Həmçinin, “Xocəsən” deposunda birinci mərhələ üzrə əsas obyektlərin tikintisi davam edir. Deponu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb. Sağ tunelin yolu hazırdır, sol tuneldə yol-tikinti işləri davam edir. Xüsusilə əsaslı təmirə kəskin ehtiyacı yaranmış “Cəfər Cabbarlı” stansiyasının bir yolunda bərpa, yenidənqurma işləri aparılıb və pandemiya şəraitinin tələbləri şəraitində aparılan işlər sonuncu mərhələsindədir.

Eləcə də, metropolitenin öz bazasında istehsal edilən beton blokların tətbiqinə başlanılıb. Həmin bloklar ilk dəfə metropoliten tunellərində istifadə olunaraq Bənövşəyi xəttin “Memar Əcəmi-B-03”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzillərində, eləcə də “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının yollarından birində tətbiq edilib.

“Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni istehsal sexində yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur. Bu isə həm də “Made in Azerbaijan” brendinə bir töhfədir. 

2020-ci ildə 10 yeni ventilyator alınıb və onların mərhələli quraşdırılması aparılır. Pandemiya dövrünün tələbləri nəzərə alınmaqla hazırda bu işlər mərhələli şəkildə davam etdirilir.

Gununsesi.info