Bir arzum var, amma onu görə bilməyəcəm - FƏZAİL AĞAMALI

  • By admin
  • 16 Sentyabr 2022 13:32

“Dəfələrlə çətin anlarda dost dediyim şəxslərin xeyli hissəsi sınaqdan çıxmayıb”

Parlamentin, millət vəkillərinin yay tətilindən qayıtması fürsətindən yararlanaraq biz də “Deputat vaxtı” rubrikasını davam etdirmək qərarına gəldik. Rubrikamızın bu dəfəki qonağı deputat Fəzail Ağamalıdır. Millət vəkili ilə onun doğulub boya-başa çatdığı Zəngəzur mahalının Şıxlar kəndinə “səfər edərək” Fəzail Ağamalının ata-baba yurdunda “olduq”, uşaqlıq xatirələrini vərəqlədik. Rubrikamızda Fəzail Ağamalının 75 illik həyat yoluna da nəzər saldıq.

– Fəzail müəllim, bir müddət əvvəl 75 yaşınız tamam oldu. Fürsətdən istifadə edib bir daha ad gününüzü təbrik edirik. Maraqlıdır, deputat Fəzail Ağamalı ad günlərini necə qeyd edir? Xüsusilə, yubiley tarixlərini təntənəli şəkildə qeyd edirsinizmi?

– Əvvəla təbriklərə görə təşəkkür edirəm. Taleyimdən çox razıyam ki, Uca yaradan yaşama imkanımı 75-ə qədər mənə, ailəmə, dostlarıma, xalqıma bəxş edib. Eyni zamanda taleyimdən ona görə çox razıyam ki, düşündüklərim, arzu etdiyim proseslərin içərisində olmuşam, yaşamışam. Bu da təbii ki, mənə böyük bir sevinc gətirir. Sizin kimi dəyərli dostlarım məni 75 illik yubileyim münasibətilə təbrik etdilər. Mən də bu fürsətdən istifadə edərək sizin vasitənizlə onlara bir daha təşəkkürümü ifadə edir, minnətdarlığımı bildirirəm. Sualınıza gəlincə, bir qayda olaraq mən və bizim ailə doğum günləri və onun yuvarlaq rəqəmlərini, yubileyləri təntənəli şəkildə qeyd etmirik. İndiyə qədər istər 50, istər 60, yaxud digər yubiley günlərim çoxsaylı insanlar, dostlarımın əhatəsində qeyd edilməyib. Ancaq ailəm, övladlarımla bir yerdə yığılaraq onu qeyd etmişik. Bu ailə ənənəsi bizdə hər kəsə aiddir.

– 75 il ərzində ən yadda qalan ad günü hədiyyəsi, təbriki nə olub?

– Ad günlərimdə ən yadda qalan hədiyyə Cənab Prezidentin 70 illik yubileyimdə vermiş olduğu “Şöhrət ordeni” və gözləmədiyim bir halda, 75 illik yubileyimdə 2-ci dərəcəli “Vətənə xidmətə görə ordeni” ilə təltif edilməyim olub. Dövlət başçısının bununla bağlı imzalamış olduğu sərəncamda xüsusi olaraq “Uzun illər səmərəli ictimai-siyasi fəaliyyətinə görə” ifadəsinin yer alması, eyni zamanda həmin orden həyatımda ən böyük təltifdir, mənə qarşı ən böyük diqqətdir. Həmçinin, Cənab Prezidentin mənə qarşı olan böyük etimadıdır. Həm də hesab edirəm ki, bu mənim həyat yoluma verilən qiymətdir. Kimin nə deməsindən asılı olmayaraq, əgər Cənab Prezident məni təltif edirsə, deməli haradasa mən xalqıma xidmət etməyi bacarmışam. Heç şübhəsiz ki, bu xidmətdən də hər zaman şərəf duymuşam. Etiraf edim ki, mənim xidmətim hər zaman təmənnasız olub və gözləməmişəm ki, mənə nəsə verilsin, yaxud təltif olunum. İddialarım böyük olmayıb. Xalqıma, müstəqil dövlətimə xidmət etməyi hər zaman özümə şərəf bilmişəm.

– Meydan hərəkatından başlayan, partiya sədriliyinə qədər gələn və bir də 20 ildən artıq deputat fəaliyyəti Sizi yormayıb?

– Xeyr. Niyə yorulmalıyam ki? Yorulsaydım, yəqin ki, bunların heç biri olmazdı. Çünki bir var insanın həvəsi, arzusu, bir də var onları reallaşdıra biləcək enerjisi, sağlamlığı və iradəsi. Əgər bunlar bir-birini tamamlayırsa, təbii ki, bu zaman yorğunluq hiss edilmir. Şükürlər olsun ki, Uca Tanrı mənə belə bir taleni, enerjini, sağlamlığı qismət edib. Düzdür, sağlamlıq baxımından müəyyən problemlər yaşamışam və bunu etiraf edim. 55 yaşımdan sonra səhhətimdə müəyyən problemlər yaşanıb və həmin problemlərin aradan qaldırılmasında da dövlətimə çox minnətdaram. İlk belə problem 2002-ci ildə yaşandı. O vaxt ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı ilə müalicə üçün xaricə göndərildim. Hətta ciddi bir əməliyyatdan keçdim. Ondan sonrakı illərdə də təbii ki, səhhətimin normal olması üçün Cənab Prezidentin mənə böyük qayğısı olub. Xüsusi olaraq 2017-ci ildə ağır bir duruma düşdüm, çətin anlar yaşadım. Həmin vaxt da Cənab Prezidentin mənə müstəsna qayğısı və diqqəti oldu. Yenə də Uca yaradanın iradəsi ilə həyatda qala bildim. Yəni, bu günə qədər həyatımda, sağlamlığımda dövlətimizin müstəsna, əvəzsiz rolu olub. Bu baxımdan mən həmişə ulu öndərimizi minnətdarlıq hissi ilə yad edirəm. Allah Ona qəni-qəni rəhmət eləsin. O cümlədən Cənab Prezidentə də mənə, mənim sağlamlığıma göstərdiyi qayğıya görə minnətdaram. Ona bir vəfa borcum var ki, bu gün xalqımla, millətimlə, ailəmlə bərabər olmağım üçün mənə belə bir şansı verib.

– Fəzail müəllim, sağlam olmaq istər-istəməz insanın özündən də asılıdır. Yəni sağlam və rejimlə qidalanma, idman və s. Bunlara da riayət edirsiniz?

– Yemək məsələsində o qədər də rejim yoxdur. Çünki mən yeməyə xüsusi meyilli biri deyiləm. Ancaq yeməkdə bir qayda olaraq orqanik, təmiz və yerli məhsullara üstünlük verirəm. Elə bir yemək rasionuna malikik ki, o sağlamlığımızın qorunub-saxlanılmasına öz töhfəsini verir. İdmana gəlincə, zamanında idmanla çox məşğul olmuşam. Ancaq indi o vərdişim yoxdur. Yay aylarında, isti günlərdə hovuzda olmaği, çimməyi xoşlayıram. Eyni zamanda gəzməyi, yürüş etməyi sevirəm. Yəni, tamamilə passiv həyat keçirmirəm.

– Siz Qərbi Azərbaycanın Zəngəzur mahalının Şıxlar kəndində anadan olmusunuz. Yenidən Şıxlara getmək nəsib olarsa, ilk üz tutduğunuz məkan hara olar ki, həmin məkanda siz uşaqlığınızı, gəncliyinizi, o günləri xatırlayarsınız?

– Hər bir insan üçün doğulduğu, böyüdüyü məkan çox qiymətli, dəyərlidir. Etiraf edim ki, mənim doğulduğum, böyüdüyüm, boya-başa çatdığım kəndimiz, Qarakilsənin Şıxlar kəndi yuxularıma tez-tez girir. Yuxularımda heç zaman həmin kəndə getməyən dostlarımla bərabər Şıxlarda, onun məhəllələrində, bulaq başında oluram. Təbii ki, ən böyük arzum doğulduğum, böyüdüyüm həmin kəndə getməkdir. Son dəfə Şıxlarda 1988-ci ilin avqiust ayında olmuşam. Ondan sonra kəndə getmək imkanımız olmayıb. Həmin vaxt kənddə cəmi bir neçə ailə qalmışdı və onlar da artıq köçməli idilər. Artıq sentyabr ayında kəndimiz tamamilə boşaldı. Çox istəyərdim ki, ora gedim. Allahdan arzum odur ki, mənə ömür versin və yenidən Şıxlara getmək imkanım olsun. Əgər bu imkan mənə qismət olarsa, təbii ki, ilk növbədə doğulduğum, böyüdüyüm evimizə gedərdim. 1988-ci ildə kəndimizdə olanda evimizə getdim və evimizə daxil olan pilləkənlərin ətrafının kol-kos içində olduğunu, acınacaqlı bir duruma düşdüyünü gördüm. Bu mənə çox pis təsir etdi, ağır sarsıntı keçirdim və özümü saxlaya bilməyərək hönkürtü ilə ağladım. Sonra evimizdən kənarlaşaraq o yerlərə üz tutdum ki, orada mənim uşaqlığım keçmişdi. Hansı ki, bulağın qarşısında dayanaraq sevdiyimiz, xoşladığımız qızın ora gəlməsini gözləyərdik, ora da baş çəkdim. Həmçinin kənd ağsaqqallarının, babalarımızın axşamlar toplaşdığı, olanlardan, keçənlərdən söhbət etdikləri dükanın qarşısına gəldim, uşaqlıq illərimi yada saldım. Həmin vaxt kənd acınacaqlı bir durumda idi, faciəli günlərini yaşayırdı. Əlbəttə ki, bu çox ağır hisslər idi. İndi istəyərdim ki, həmin kəndə gedim və Cənab Prezident “Şuşa, sən azadsan” dediyi kimi, mən də deyim ki, “Şıxlar, sən artıq azadsan”. Həmçinin daha bir arzum, istəyim var və yəqin ki, onu görə bilməyəcəm. Bu azad Təbrizi görməkdir. Həmçinin azad Ərdəbili görməkdir. Bu həm də mənim genetikamdan irəli gəlir. Çünki mənim ana tərəfim Ərdəbildəndir. Ana babamgil vaxtilə Ərdəbildən köçüb həmin kəndə gələn insanlar olub. Bu arzuların içərisində yaşayıram. Görək, Uca tanrı hansını bizə qismət edəcək.

– Dostlarınızdan söz düşmüşkən, Şıxlardan olan uşaqlıq, məktəb, gənclik illərinin dostları ilə əlaqələriniz varmı?

– Təəssüf ki, onlardan heç biri qalmayıb, hamısı rəhmətə gedib. Allah hamısına rəhmət eləsin. Məndən hardasa 5-10 yaş kiçik olan nəsillərin nümayəndələri haqqında müəyyən məlumatlarım var.

– Ümumiyyətlə, dost əhatəniz genişdir?

-Bilirsiniz, dostluq çox mürəkkəb bir anlayışdır və onun şərtləri də ağırdır. Səfərlərdə, yaxud çalışdığın sahədə kiminləsə yaxşı yoldaşlıq edə bilərsən. Bunların hamısı mənim anlamımda olan klassik dostluğun şərtlərinə cavab verən deyil. Uşaqlıq dövründə ən yaxın dostum, sirdaşım Vahid idi. O da rəhmətə gedib. Allah qəni-qəni rəhmət eləsin. O, dünyasını tez dəyişdi, çox cavan rəhmətə getdi. Tələbələik illərində mənim yeganə dostum, BDU-nun dosenti, görkəmli alim Mirheydər Mirzəyev idi. O da 58 yaşında vəfat etdi. Digər tələbə yoldaşlarım da var ki, onlarla da müəyyən münasibıtlərim mövcuddur. Parlamentdə isə bütün sirlərimdən məlumatlı olan elə bir şəxs yoxdur. Lakin yüksək münaibətlərdə olduğum dəyərli həmkarlarım var. Eyni zamanda parlamentdən kənarda səmimi ünsiyyətdə olduğum insanlar var ki, bunların içərisində jurnalistlərdən də kifayət qədər çoxdur. Ümumiyyətlə, ünsiyyətcil, səmimi münasibətlərə böyük maraq göstərən və onun şərtlərini qoruyan insanlardanam. Ancaq çox təəssüflər olsun ki, dəfələrlə çətin anlarda dost dediyim şəxslərin xeyli hissəsi sınaqdan çıxmayıb.

– Qeyd etdiniz ki, jurnalistlərlə də kifayət qədər səmimi münasibətləriniz var. Ancaq bəzi hallarda müxtəlif media resurslarında sizinlə bağlı təkcə tənqid deyil, şər-böhtan xarakterli yazılr da dərc edilir. Belə hallarda sözlə başa düşməyən hansısa qələm əhlini fiziki güclə başa salmaq fikri ağlınızdan keçirmi?

– Yox. Jurnalistlər üçün belə bir şeylər düşünmürəm. Mən daim jurnalistlərə dəyər verirəm və düşünürəm ki, jurnalist peşəsi çox fədakar peşədir. Bu cəmiyyətimiz, dövlətimiz üçün son dərəcədə önəmli sahədir. Başqa formada desək, ictimai fikrin formalaşmasında jurnalistlər müstəsna rol oynayırlar. Sənət adamları, ədiblər, şairlər, musiqi xadimlərinin insanların şüurunun formalaşmasına təsiri xeyli dərəcədə azalıb. Bütün bunların fonunda ən çox yük isə hesab edirəm ki, jurnalistlərin üzərinə düşür. Jurnalist bu gün sanki həm ədib, həm şair, həm yazıçı, həm də musiqiçi, aktyor və rəssamdır. Çünki insanlarımızın mütləq əksəriyyəti bütün məlumatları, onun düşüncələrini formalaşdıran bütün elementləri daha çox jurnalistlərin yazılarından alırlar. Bu həm yazılı, həm də elektron media resurslarına aiddir. Əlbəttə ki, ictimai şüurun formalaşması, ictimai-siyasi proseslərin dövlətçilik və milli maraqlara uyğun olaraq aparılmasında jurnalistlərin müstəsna xidmətləri mövcuddur. Təbii ki, burada söhbət həqiqi, peşəkar, qələmi, düşüncəsi ilə millətin yolunda şam kimi əriyən jurnalistlərdən gedir. Adını jurnalist qoyan, lakin jurnalistika ilə heç bir əlaqəsi olmayan təbəqəni tamamilə kənara qoyuram. Ancaq təəssüf ki, belə insanlar da var və onlar jurnalistika peşəsinə kölgə salırlar. Hesab edirəm ki, artıq bu sahə də tədricən təmizlənir. Düşünürəm ki, yaxın gələcəkdə bunların heç biri olmayacaq.

Sizin də dediyiniz kimi jurnalistlərlə dəfələrlə problemim yaşanıb. Son vaxtlar bəzi məsələləri Milli Məclisdə qaldıranda özümə qarşı 30-a yaxın saytın hücumlarını gördüm. Həmin yazılarda tərcümeyi-halıma yönəlik böhtan dolu fikirlər vardı. Guya mənim varım-dövlətim, mülklərim var. Nə qədər demək olar ki, bunlar məndə yoxdur. Əgər varsa, gedin tapın. İndi kimin adına hansı mülkün olmasını müəyyən etmək də çətin deyil. Düzü, böhtan dolu yazılan materiallardan incidim. Ancaq heç bir reaksiya vermədim. Sonradan meyvələrin qiyməti ilə bağlı fikrim ətrafında həqiqətə uyğun olmayan yazlar dərc etdilər. Əslində mən reallığı desəm də, fikirlərimi başqa istiqamətə yönəltdilər. Hətta Bakılı Oğlanlar Klubunun üzvləri Tahir İmanov və Bəhram Bağırzadə intelektual səviyyədən təlxəklik səviyyəsinə endilər. Mən pis bir şey demişdim ki? Bildirmişdim ki, yüksək maaş almağıma baxmayaraq, hətta mənim də bəzən istənilən məhsulları almağa imkanım olmur. Yəni, əgər mən bunu ala bilmirəmsə, deməli başqası da ala bilmir. Sadəcə başa düşə bilmirəm, danışanda da bizi qınayırlar, danışmayanda da. Bütün bunlara rəğmən nə bir jurnalisti məhkəməyə çəkdim, nə də hansısa birinə yazmış olduqlarına görə zəng edib iradımı bildirdim. Düşündüm ki, bəlkə də nəyinsə xatirinə həmin yazıları dərc ediblər. Əslində onun haradan qaynaqlandığını bildim. Elə jurnalistlər, saytlar var ki, onlar öz aləmlərində gündəm yaratmaq üçün istənilən adama xidmət edirlər. Pulunu ver, işini gör. Bu zaman müqəddəslik, şərəf və ləyaqət məsələləri tamamilə kənarda qalır. Ümumiyyətlə, siyasətçilərin cəmiyyətdə və siyasi sistemdə tanınması, yerini almasında jurnalistlərin əvəzsiz rolu var. O baxımdan mənim arzu və istəklərimin həyata keçməsində jurnalistlərin çox ciddi rolu olduğuna görə, jurnalistlərin səhvlərini də bağışlamağı bacarmalıyam. Ancaq başqa məsələrdə elə hallar olur ki, fikrini ifadə edirsən, başa salmağa çalışırsan, sakit şəkildə fikirlərini çatdırırsan, ancaq heç bir halda qarşı tərəfi başa salmaq olmur. O zaman məcbur olursan ki, şilləni işə salasan. Təəssüf ki, belə hallar da olur. Belə vəziyyət nadir hallarda baş verir.

– İndiyə qədər olubmu?

– Bəli, Hüseyn Abdullayevlə yaşanan hadisə. Çünki dövlətin üzərinə gedirdi. Sonradan dedilər ki, guya bu planlı bir iş idi. Qətiyyən planlı bir məsələ deyildi. Gözlənilmədən yaranan bir hadisə oldu. Təsəvvür edin ki, Milli Məclisin plenar iclası keçirilir və çox dəyər verdiyim Artur Rəsizadə çıxış edir, bu isə çıxışa mane olmağa çalışır. Ayağa qalxır, qışqırır, dövləti ittiham edir və s. Halbuki dövlətin bütün imkanlarından da bəhrələnən o idi. Həmin vaxt onun hərəkətlərinə etiraz edərək fikirlərimi bildirdim, o isə qarşılığında təhqirə keçdi və məni hədələməyə başladı. Mən də axırda məcbur olub dedim ki, bu da sənin cavabın. Yəni, belə hallar da olub. Orada artıq şillədən başqa variant yox idi. Baxmayaraq ki, həmin şillə ilə özümü çox böyük təhlükəyə atdım. Ancaq həmin təhlükəni göz önünə gətirib o addımı atdım.

– Mətbuat, media nümayəndələri, KİV-in resurslarından söhbət açdıq. Bilmək olarmı bir qayda olaraq gündəlik ictimai-siyasi həyatda, ölkədə baş verən hadisələri hansı mənbələrdən izləyirsiniz?

– Qəzetləri o qədər də mütaliə edə bilmirəm. Çünki qəzetlərdə digər media resurslarında olduğu qədər zəngin məlumatlar yoxdur. Ümumilikdə götürəndə isə facebook sosial şəbəkəsi üzərindən bütün məlumatları öyrənmək olur. Sualınızın cavabı olaraq deyə bilərəm ki, gündəlik məlumatları bir qayda olaraq sosial şəbəkələrdən və xəbər saytlarından əldə edirəm. Gün ərzində 3-4 saatımı demək olar ki, buna sərf edirəm.

– Fəzail müəllim, qeyd etdiyimiz kimi bəzi media resursları müntəzəm olaraq Sizi hədəf alır. Bir neçə il əvvəl də marketlərdən birində spirtli içki seçərkən fotonuzu çəkib paylaşmışdılar. Bilmək istərdim spirtli içki qəbul edirsiniz?

– Əvvəllər qəbul edirdim, lakin indi yox.

– Ümumiyyətlə, ailənin, evin bazarlığını özünüz edirsiniz?

– Bəli. Ancaq özüm edirəm. Səhər evdən çıxanda həyat yoldaşım nə alınacaqsa, yazır. Axşam da evə getmədən öncə bir daha qeyd edilənlərdən əlavə nəyin alınası olduğunu dəqiqləşdirirəm. Həmin siyahı əsasında marketə girirəm və lazım olan ərzaq məhsullarını alıram. Təbii ki, bu zaman sürücüm də mənə kömək edir. Düzdür, vaxtilə evin bazarlıq işlərini həyat yoldaşım edirdi. İndi isə bütün bazarlıq işlərini özüm edirəm.

– Bu qədər gərgin ictimai-siyasi fəaliyyətin qarşılığında ailəyə kifayət qədər vaxt ayıra bilirsinizmi?

– Əlbəttə. Bizdə belə bir ənənə var ki, həftənin şənbə və bazar günləri 3 övladım, nəvələrim, mən və həyat yoldaşım bir yerdə oluruq. Bu artıq ənənə şəklini alan bir haldır, yaşam tərzidir. Onu da qeyd edim ki, çox maraqlı keçir. Nəvələrimin sifarişlərini böyük məmuniyyətlə yerinə yetirirəm. Bəzən əvvəlcədən zəng edib onların istək və arzularını öyrənirəm, nə istədiklərini soruşuram. Bu çox gözəl anlardır və Allahdan hər kəsə belə gözəl anlar qismət eləsin. Ailə, övladlar, nəvələrlə belə gözəl günlər keçirməkdən xoş, sevincli nə ola bilər ki?

– Fəzail müəllim, bizim rubrikamızın qonağı olduğunuz üçün təşəkkürümüzü bildiririk.

– Mən təşəkür edirəm. Uzun illərdir sizinlə səmimi münasibətlərimiz, əməkdaşlığımız var. “Olaylar” Azərbaycanda kifayət qədər yaşı olan KİV-lərdən biridir. Onun yaradıcısı mənim hərəkat dostum Yunus Oğuz olub. Yunus Oğuzun özünün də Azərbaycanın ictimai-siyasi mühitində özünəməxsus yeri var. Yunus Oğuz gənc yaşlarından xalq hərəkatında iştirak edib və xidmətləri danılmazdır. Çünki onların hamısını mən xatırlayıram. Bu gün də bir ziyalı, yazar kimi təmənnasız olaraq millətinə xidmət edir. Onun əməli, düşüncəsi, baxışlar sistemi “Olaylar” media ailəsində çalışan hər kəsdə var. Mən də sizə can sağlığı və uğurlar arzulayıram.
Olaylar.az