Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinə yeni royal təqdim olunub.
Gununsesi.info xəbər verir ki, bu münasibətlə keçirilən təqdimat mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi, məktəbin kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov tərəfindən məktəbə hədiyyə edilən Almaniya istehsalı olan “Steinhoff” markalı yeni royalın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu dəyərli hədiyyə məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə, şagirdlərin musiqi təhsilinin və ifaçılıq bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Bildirilib ki, yeni royalın məktəbdə təhsil alan istedadlı şagirdlərin yaradıcılıq imkanlarının genişləndirilməsinə, musiqi təhsilinin keyfiyyətinin yüksəldilməsinə və onların gələcək uğurlarına təkan verəcəyi gözlənilir.
Mərasim çərçivəsində məktəbin şagirdlərindən biri yeni royalda musiqi əsəri ifa edib. İfa iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda məktəbin kollektivi mədəniyyətə, milli musiqimizə və incəsənətə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunması, musiqi ənənələrimizin yaşadılması və gənc istedadların üzə çıxarılması istiqamətində həyata keçirilən bu cür təşəbbüslər mədəniyyətimizin inkişafına xidmət edir.













