“Biz Qarabağ məsələsini bağlayırıq” -PAŞİNYAN

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı yeni açıqlama verib.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

“Biz Qarabağ məsələsini bağlayırıq. Yalnız bu yolla sülhə nail ola bilərik” -deyə o bildirib.

Paşinyan bildirib ki, keçmişdə kimin harada yaşaması ilə bağlı müzakirələr artıq gündəmdən çıxmalıdır. Paşinyan bu fikirləri Vətəndaş Müqaviləsi Partiyasının seçkiöncəsi proqramının təqdimatı zamanı Azərbaycanla münasibətlərin hazırkı vəziyyətinə dair dəyərləndirmələrində qeyd edib.

O, davamlı sülh üçün konkret mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb və bu prosesin artıq başladığını, irəliləməsinin əsas məqsədlərdən biri olduğunu deyib.

Paşinyan əlavə edib ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək Trampın Sülh və Rifah Marşrutunun (TRIPP) həyata keçirilməsi və sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi prosesin daha da institusionallaşdırılması istiqamətində fundamental addımlar olacaq.

O həmçinin bildirib ki, vətəndaş cəmiyyəti və biznes nümayəndələri arasında əlaqələrin genişlənməsi, ikitərəfli ticarətin inkişafı, eləcə də siyasi, mədəni və humanitar dialoqun gücləndirilməsi sülhün möhkəmlənməsində vacib rol oynayır. Paşinyan qeyd edib ki, rəhbərlik etdiyi partiya bu istiqamətdə atılan addımları dəstəkləyəcək.

Sonda o bir daha vurğulayıb ki, regionda keçmişlə bağlı müzakirələr arxa plana keçməlidir və əsas diqqət sülhün təmin olunmasına yönəlməlidir.

 

Günay

Gununsesi.info