Borclu zərəri nə vaxt ödəməyə borclu olmur?

  • By Admin2
  • 29 Aprel 2026 16:59

Öhdəlik münasibətlərində borclunun məsuliyyəti tez-tez mübahisə doğuran əsas məsələlərdən biri kimi çıxış edir.

Qanunvericilik ümumi qayda olaraq borclunun öhdəliyi icra etmədiyi hallarda zərərin ödənilməsini tələb etsə də, bu məsuliyyətin tətbiq olunmadığı hallar da mövcuddur.

Bəs o hallar hansılardır?

Gununsesi.info-ya danışan hüquqşünas Uğur Əliyev bildirir ki, ümumi qaydaya görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi borclunun öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin ödənilməsini tələb edir. Lakin bu qaydanın istisnaları da mövcuddur. Qanunvericiliyə əsasən, borclu yalnız öz təqsiri olduqda məsuliyyət daşıyır. Əgər öhdəliyin yerinə yetirilməməsi borclunun iradəsindən asılı olmayan hallarla bağlıdırsa, o, zərərin əvəzini ödəməkdən azad edilir.

Bu hallar əsasən aşağıdakılardır:

1- Fors-major (qarşısıalınmaz qüvvə) – təbii fəlakətlər, müharibə, fövqəladə hadisələr kimi hallarda borclu məsuliyyət daşımır.

2- Kreditorun təqsiri – əgər zərərin yaranmasına kreditorun özü səbəb olubsa.

3- Üçüncü şəxslərin təsiri – borclu bu şəxslərin hərəkətlərinə görə cavabdeh deyilsə və hadisəyə nəzarət edə bilməyibsə.

4- Qanun və ya müqavilə ilə məsuliyyətin istisna edilməsi – bəzi hallarda tərəflər əvvəlcədən məsuliyyətin məhdudlaşdırılmasını razılaşdıra bilər.

hüquqşünas həmçinin deyib:

“Başqa sözlə, borclunun məsuliyyəti avtomatik deyil, onun təqsiri sübuta yetirilməlidir. Əgər borclu sübut edərsə ki, öhdəliyin icra olunmaması onun nəzarətindən kənar səbəblərdən baş verib, bu zaman zərərin ödənilməsi tələbi hüquqi qüvvəsini itirir. Hüquq mütəxəssisləri qeyd edir ki, bu norma tərəflər arasında balans yaradır və borclunun yalnız real təqsiri olduğu hallarda məsuliyyət daşımasını təmin edir”.

Orxan

Gununsesi.info