Ceff Bezos sərvəti 200 milyardı keçən ilk milyarder oldu

  • By admin
  • 26 Avqust 2020 14:59

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvəti 200 milyard dolları ötmüş ilk milyarder olub.

Gununsesi.info xəbər verir ki, bu barədə milyarderlərin sərvətlərini real vaxt rejimində izləyən “Forbes Real-Time” reytinqində məlumat verilib.

Eyni zamanda, milyarderin bu səviyyədə uzun müddət qalmadığı, bir gün sonra sərvətinin 199,7 milyard dollara endiyi bildirilib. Buna baxmayaraq, hətta bu qiymətləndirmə Bezos üçün yeni bir rekorddur, belə ki, iyul ayının əvvəlindən etibarən bu rəqəm davamlı artır.

Bu vəziyyət “Amazon”un səhmlərinin dəyərinin davamlı artması ilə izah olunur. Belə ki, ötən günün sonuna qədər şirkətin səhmlərinin dəyəri 1,18% artaraq bir səhm üçün 3346,49 dollara çatıb. Şirkətin kapitallaşması isə 1,68 trilyon dollara yüksəlib.

Qeyd edək ki, Ceff Bezos “Amazon”un səhmlərinin 11,1%-nə sahibdir və 2017-ci ildən bəri “Forbes”in ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.

 

 

Gununsesi.info