Çekicyandan etiraf: İrəvanda Bakı musiqisi eşidilirdi, indi isə…

  • By Günel
  • 03 Oktyabr 2024 08:25

Ermənistanın Milli Qəhrəmanı, Ermənistan Dövlət Milli Akademik Xorunun bədii rəhbəri və baş dirijoru Hovhannes (Ovannes) Çekicyanın erməni mediasına etirafları diqqət çəkib.

Gununsesi.info Axar.az- a istinadən xəbər verir ki, o, İrəvana gəldiyi vaxtlarda pəncərələrdən yalnız “Bakı musiqisi”nin (Azərbaycan musiqisi) eşidildiyi haqda dediyi fikirləri bir daha təsdiqləyib.

Jurnalistin bu yöndən sualına Çekicyan belə cavab verib:

“Bəli, bu danılmaz faktdır. İndi yaxşıdır. Tədricən insanlar başa düşürlər ki, bu, onun musiqisi deyil. Amma təəssüf ki, bu musiqinin yerini indi bayağılıq tutdu ki, bu da bizi sevindirmir”.

Çekicyan İkinci Qarabağ savaşı və antiterror əməliyyatları haqda danışmaqda imtina edib. Həmçinin jurnalistin “Bakı ilə sülh və harmoniyada yaşamaq mümkündürmü” sualına “məni siyasətə qatmayın”,-  deyə cavab verib.

Qeyd edək ki, Hovhannes (Ovannes) Çekicyan 1929-cu ildə İstanbulda anadan olub. İstanbul Konservatoriyasında və Parisdə “Ecole Normale de Musique”də musiqi təhsili alıb. O, bir müddət İstanbul Dövlət Operasında orkestr dirijoru olub. 1961-ci ildə Ermənistana köçüb və musiqi karyerasını Dövlət Musiqi Akademiyasında davam etdirib. 1975-ci ildən İrəvan Qomidas Dövlət Konservatoriyasında dərs deyir.
2017-ci ildə Ermənistan prezidenti ona “Milli Qəhrəman” adı verib.

Gununsesi.info