Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu günkü iclasında dövlət ehtiyacları üçün torpaqların alınmasının həssas və məsuliyyətli məsələ olduğunu bildirib.
Gununsesi.info bildirir ki, deputat qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsi və Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 3-cü maddəsi dövlət ehtiyaclarının dairəsini müəyyən edir.
Lakin deputat hesab edir ki, bu anlayışa daha müasir və iqtisadi inkişaf yönümlü yanaşmaq lazımdır.
Deputat təklif edib ki, dövlət ehtiyacı anlayışına iqtisadi inkişaf və məşğulluğun artırılması məqsədilə həyata keçirilən, ən azı 30 daimi iş yeri yaradan layihələr də daxil edilsin. Bunun üçün:
- Mülki Məcəllənin 157.9-cu maddəsinə əlavə;
- Qanunun 3-cü maddəsində dövlət ehtiyaclarının siyahısının genişləndirilməsi;
- Məşğulluq yönümlü iri və orta biznes layihələrinin ayrıca bənd kimi təsbit olunması.
Deputat vurğulayıb ki, bu yanaşma mülkiyyət hüququnu zəiflətmədən iqtisadi fəallığın artırılması və sosial sabitliyin möhkəmləndirilməsi üçün hüquqi mexanizm yaradacaq.
Banu











