Eldar Həsənovdan yeni xəbər - SABİQ SƏFİRİN CİNAYƏT İŞİNİ BAŞ PROKURORLUQ ARAŞDIRACAQ

  • By admin
  • 24 Avqust 2020 21:23

Dövlət Təhlükəsizliyi Xidməti (DTX)  tərəfindən həbs edilən, Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovdan yeni xəbər var.

Gununsesi.info-nun xəbərinə görə, sabiq səfirin vəkili Adil İsmayılov özünün sosial şəbəkə səhifəsində yeni xəbər paylaşıb.

Vəkilin dediklərini sizlərə təqdim edirik:

“KİV ÜÇÜN ÇOX QISA AÇIQLAMA

Keçən dəfə olduğu kimi bu dəfə də şəxsi səhifəmdə paylaşmaqla Eldar Həsənovun istəyi üzərindən onun işi üzrə aşağıdakı məlumatları diqqətinizə çatdırıram :
1. Xarici İşlər Nazirliyinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə , rüşvətalma faktlarına görə başlanmış və DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Eldar Həsənovun barəsində Azərbaycan Respublikası CM-nin 308.2( vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci ( büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir.
2. Müdafiə tərəfinin vəsatətlərini nəzərə alaraq obyektiv və ədalətli qərar qəbul etdikləri üçün Eldar Həsənovun adından DTX-nın və Baş prokurorluğun rəhbərliyinə minnətdarlığımızı bildirirəm.
3. Bir daha bildirmək istəyirəm ki, Eldar Həsənov həbsini anlaşılmazlıq hesab edir, məsələnin ölkə daxilində, hüquqi müstəvidə öz həllini tapacağına ümid edir və vəsatətin təmin edilməsi onun ümidini artırmışdır.
Hələlik deyə biləcəklərim bu qədərdir.
KİV-lər mənə istinadən yazdıqlarımı paylaşa bilər.
Allah amanında.”
Gununsesi.info