Elektron Məhkəmə Sistemi çöküb -VƏKİLLƏR NARAZILIQ EDİR

  • By admin
  • 31 Mart 2026 00:43

Azərbaycanda Elektron  Məhkəmə Sisteminin yenilənməsi prosesi uğursuz olub.

Gununsesi.info bildirir ki, bu barədə bir sıra vəkil öz narazılığını bildirib.

Onların sözlərinə görə, yeni sistem ümumiyyətlə çalışmır.

Vəkil Əkrəm Həsənov isə sistemin yenilənməsi prosesində korrupsiya izi gördüyünü deyir:

“Hesablama Palatasından xahiş edirəm ki, Elektron Məhkəmə Sisteminin yeni versiyasına çəkilən xərcləri ciddi təftiş etsin. Bayram fasiləsindən sonra Sistemin yeni versiyası bu gün istifadəyə verilib və əvvəlkindən daha pisdir. Aləm dəyib bir-birinə. Apardığım bəzi işləri heç tapa bilmirəm. Biz vəkillər üçün xeyli problem yaranıb”.

 

Daha bir tanınmış vəkil Aqil Layic isə bildirib ki, E-Məhkəmə sisteminin əvvəlki versiyası daha praktiki, daha sadə və işlək versiyadır:

“İndiki versiya daha çox əlaqəsiz məlumatlarla doludur(əvvəlki Beta versiya kimidir). Sadəcə bərbad, işlərin siyahısını əvvəlki kimi görmək mümkün deyil. Gərək hər dəfə tapmaca kimi axtarış verəsən.

Elektron sənəd dövriyyəsi daha çox praktikiliyə və sadəliyə doğru dəyişməlidir, mürəkkəbliyə və diqqət yayındırıcı digər məlumatlar paneldə olmamalıdır. Bir dənə paneldə reklam stenti çatmır

Yenə deyəcəklər ki, tənqid etdi, vallah məhkəmə sistemində olan ən böyük və yeganə islahat elə e-mehkeme sisteminin praktikiliyində və sadəliyində idi. İndi isə o da yoxdur.

Vəkillərin panelini əvvəlki vəziyyətə qaytarın. Ən azından bu elektron məhkəmə sistemindən daha çox istifadə edən vəkillərdirsə, onların fikrinə diqqət edin. Hesab edirəm ki, vəkillərin idarəetmə panelinin müqəddəratını vəkillər müəyyən etməli idi.

Açılan ekran həcminin sadəcə 30 faizi işlərə ayrılıb, amma əvvəl 100 faiz idi demək olar. İşlər daha yaxşı izlənilirdi, labirint kimi axtarmağa ehtiyac yox idi. Hər şey elə açılan paneldə görsənirdi”.

Aqil Layic deyir ki, “Elektron Məhkəmə Sistemi” haqqında Əsasnaməyə görə səmərəlik, funksionallıq,operativlik və bir pəncərə sistemi əsas prinsiplərdir. Mürəkkəblik və labirint deyil”.

Günay Mahirqızı 

Gununsesi.info