“Ermənistan Rusiya ilə Aİ arasında katalizator rolu oynayır” -Millət vəkili

  • By admin
  • 25 Oktyabr 2022 19:20

“Cənubi Qafqazda baş verən bütün hadisələr, xüsusilə Azərbaycan və Ermənistan arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi həm Avropa üçün, həm də Rusiya üçün çox maraqlıdır”.

Bu sözləri Ednews-a açıqlamasında millət vəkili Cavanşir Feyziyev İlham Əliyev və Nikol Paşinyan Rusiyada görüş keçirə və Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqların olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, son 30 ildə Rusiya bilavasitə münaqişənin içində olub, münaqişənin sonunda əldə olunmuş razılaşmalar da Rusiyanın birbaşa vasitəçiliyi sayəsində mümkün olub və prezident Putinin iştirakı ilə Üçtərəfli Bəyanat imzalanıb.

“Aİ vasitəçiliyi ilə bu yaxınlarda Praqada baş tutmuş görüşlərdə Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsi zamanı Ermənistan baş naziri Nikol Paşinyan Aİ mülki missiyasını öz ərazisinə dəvət edib və bu məsələ Aİ ilə razılaşdırılıb və hətta missiya artıq ərazidə öz işinə başlayıb. Həmişə olduğu kimi, Ermənistan təəccübləndirməkdə davam edir. Ölkəsində Rusiyanın hərbi bazasını saxlayan, sərhədlərinin qorunmasını Rusiya hərbiçilərinə etibar etmiş bir ölkə başçısının Rusiyaya rəqib mövqedən başqa bir dövlətin və ya dövlətlərin müşahidəçilərini öz sərhədləri ərazisinə dəvət etməsi siyasi cəhətdən o qədər də məntiqli  və rasional bir addım deyil. Bu Rusiyada qıcıq və suallar doğurmaya bilməz. Gözlənilən odur ki, bu görüşdə Paşinyan atdığı addımları Rusiya rəhbərliyi qarşısında izah etməli olacaq”.

Deputat 10 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsindən də bəhs edib:

“Digər müzakirə mövzusu 10 noyabr tarixli Üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi olacaq ki, bu istiqamətdə də Ermənistanın öyünməli bir nailiyyəti yoxdur. Zəngəzur dəhlizi ilə bağlı Ermənistan hələlik heç bir addım atmayıb, Sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı çox danışılsa da əməli addımlar atılmır. Düşünürəm ki, bütün bu məsələlər ehtimal olunan üçtərəfli Moskva görüşünün gündəliyində olacaq və heç də asan olmayan müzakirələr aparılacaq”.

C.Feyziyev Putinin Brüssel görüşlərindən sonra adətən üç tərəfli görüşlər təşkil edərək, sanki Avropaya mesaj verdiyini də bildirib.

“Bu mesajlar məncə Avropadan daha çox Ermənistana ünvanlanıb. Rusiyanın bu günkü durumunda onun vassalı və forpostu missiyasını daşıyan Ermənistanın Avropaya və ya başqa güc mərkəzlərinə doğru reveranslar etməsi Rusiyanı da qabaqlayıcı addımlar atmağa vadar edir. Odur ki, Rusiya Cənubi Qafqazda baş verən hadisələrə digər güc mərkəzlərinin müdaxiləsinə yol verməməyə çalışır. Bu baxımdan Ermənistan hazırda Rusiya ilə Aİ arasında katalizator rolu oynayır. Bununla da Ermənistan növbəti dəfə öz təhlükəsizliyini ciddi zərbə altına qoyur. Ermənistan cəmiyyətində də Paşinyanın bu istiqamətdə yeritdiyi siyasətlə bağlı ciddi fikir ayrılığı var. Bütün bu qarşıdurmaların və ziddiyyətlərin sonu Ermənistan üçün növbəti faciə ilə yekunlaşa bilər”.

Gununsesi.info