“Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi” -Əliməmməd Nuriyev

“Ermənistanda keçirilən 7 iyun parlament seçkiləri ilk baxışda növbəti siyasi kampaniya kimi görünə bilər. Lakin bu seçkilərin mənası hakimiyyət uğrunda rəqabətin hüdudlarını çoxdan aşır”.

Gununsesi.info bildirir ki, bunu Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:

“Söhbət təkcə parlament çoxluğunun kim tərəfindən formalaşdırılacağından getmir. Əslində Ermənistan cəmiyyəti qarşısında duran əsas sual ölkənin hansı tarixi istiqaməti seçəcəyi ilə bağlı idi.

Seçkilərin yekun nəticələri göstərdi ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi. Bu nəticə revanşizmə, yeni qarşıdurma və yeni müharibə vədlərinə deyil, daha realist siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilə bilər. Ermənistan cəmiyyəti son illərdə ikinci dəfədir ki, qisasçılıq ritorikasına deyil, gələcəklə bağlı daha praqmatik yanaşmaya üstünlük verir. Bu seçimin arxasında isə təkcə siyasi simpatiya deyil, həm də son illərin ağır dərsləri dayanır.

Bəzən xalqların taleyi döyüş meydanlarında dəyişir, bəzən isə seçki qutularının qarşısında. Ermənistanda baş verən də məhz belə hadisələrdən biridir. Çünki seçici faktiki olaraq keçmişlə gələcək arasında seçim etdi. Bir tərəfdə uzun illər regionu qarşıdurma məkanına çevirən, Ermənistanı geosiyasi asılılıqlara sürükləyən köhnə düşüncə dayanırdı. Digər tərəfdə isə bütün çətinliklərinə baxmayaraq sülh, əməkdaşlıq və açıq kommunikasiyalar perspektivi vardı.

Bu seçimin formalaşmasında son illərdə regionda yaranmış yeni reallıqların xüsusi rolu var. Həmin reallıqların əsas müəllifi isə Azərbaycandır. 2020-ci ildən sonra yaranmış vəziyyət təkcə hərbi-siyasi balansı dəyişmədi. Eyni zamanda Cənubi Qafqazın gələcəyi ilə bağlı yeni gündəm formalaşdırdı”.

 

Şəbnəm

Gununsesi.info