Əraqçi niyə hədəfə alınıb? – Politoloqdan açıqlama

“İran parlamentində xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı təşəbbüsün qeydə alınması Tehranın xarici siyasətində ABŞ-la münasibətlər məsələsinin nə qədər həssas siyasi mövzuya çevrildiyini göstərir. Hələlik bu, Əraqçinin vəzifədən uzaqlaşdırılması demək deyil. Hələlik. Söhbət yalnız deputatlardan birinin irəli sürdüyü təşəbbüsdən gedir və məsələ parlamentin rəyasət heyətinə də göndərilməyib. Lakin təşəbbüsün özü İran daxilində xarici siyasət kursu ətrafında gedən müzakirələrin yeni mərhələyə keçdiyini göstərməsi baxımından diqqət çəkir”.

Gununsesi.info bildirir ki, bunu politoloq Amid Əliyev deyib:

“Əraqçinin hədəfə alınmasının əsas səbəbi onun Nyu-York səfəri zamanı ABŞ tərəfi ilə vasitəçilər üzərindən təmas saxlaması və bu təmasların lazımi siyasi razılaşdırma olmadan həyata keçirildiyi barədə irəli sürülən ittihamlardır. Məsələ yalnız bir görüşün olub-olmaması deyil. Əsas sual İranın ABŞ-la diplomatik əlaqələrində qərarvermə mexanizminin necə işləməsi və xarici işlər nazirinin hansı sərhədlər daxilində müstəqil diplomatik təşəbbüs göstərə bilməsidir. Və yaxud bu görüşün İranın dini rəhbərliyinin nəzarətindən kənar baş verməsidir. Çünki,  İranın siyasi sistemində ABŞ-la münasibətlər sıradan olan bir xarici siyasət məsələsi deyil. Bu münasibətlər ölkənin təhlükəsizlik, nüvə proqramı, regional siyasət və milli suverenlik məsələləri ilə birbaşa bağlıdır. Buna görə də Vaşinqtonla hər hansı təmasın siyasi məzmunundan əlavə, onun hansı mandat əsasında həyata keçirilməsi də böyük əhəmiyyət daşıyır. Əraqçinin impiçment təşəbbüsü də məhz bu məsələnin parlament müstəvisinə çıxarılması kimi qiymətləndirilə bilər.

Digər tərəfdən, Əraqçinin müdafiə olunması və onun diplomatik kanallardan istifadə etməsinin dövlət siyasətinin bir hissəsi kimi təqdim edilməsi İran daxilində yanaşmaların tam eyni olmadığını göstərir. Bir qrup üçün ABŞ-la birbaşa və ya dolayı təmas təhlükəli güzəşt kimi görünə bilər, digər yanaşmaya görə isə gərginliyin idarə olunması üçün diplomatik kanalın açıq saxlanılması vacibdir. Deməli, burada söhbət yalnız Əraqçinin şəxsi siyasi taleyindən yox, İranın qarşıdakı dövrdə ABŞ-la münasibətlərdə hansı diplomatik alətlərdən istifadə edəcəyindən gedir.

Məsələnin digər mühüm tərəfi daxili siyasi mesajdır. Əraqçinin impiçmenti ilə bağlı təşəbbüs sərt xətt tərəfdarlarının hökumətə və diplomatik aparata “danışıqların sərhədləri var” mesajı verməsi kimi də oxuna bilər. Xüsusilə ABŞ-la münasibətlərdə hər hansı dialoqun İran daxilində siyasi rəqabətin predmetinə çevrilməsi hökumətin diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər.

Bununla yanaşı, Əraqçinin hədəfə alınması avtomatik olaraq İranın ABŞ-la diplomatik kanalları bağlamaq qərarı verdiyi anlamına gəlmir. Əksinə, paradoksal olaraq, belə bir parlament təşəbbüsü diplomatik prosesin davam etdiyi bir vaxtda danışıqların daxili siyasi çərçivəsini müəyyənləşdirmək cəhdi də ola bilər. Yəni Tehranda əsas mübahisə “danışıq olsun, yoxsa olmasın?” sualından daha çox “danışıq hansı şərtlərlə, kim tərəfindən və hansı mandatla aparılmalıdır?” sualı ətrafında cəmlənir”.

Politoloqun fikrincə, bu hadisənin gələcək perspektivi baxımından üç məqam xüsusilə əhəmiyyətlidir:

“Birincisi, təşəbbüsün parlament rəhbərliyi tərəfindən hansı formada nəzərdən keçiriləcəyi. İkincisi, Əraqçinin siyasi rəhbərlikdən nə dərəcədə açıq dəstək alacağı. Üçüncüsü isə ABŞ-la diplomatik təmasların davam edib-etməyəcəyidir. Əgər təmaslar davam edərsə, Əraqçinin ətrafında yaranmış siyasi təzyiq daha çox danışıqların çərçivəsini sərtləşdirmək vasitəsinə çevrilə bilər. Əgər diplomatik kanal zəifləyərsə, bu, İran daxilində daha sərt mövqenin gücləndiyini göstərə bilər.

Bu baxımdan Əraqçinin impiçment təşəbbüsü İran xarici siyasətində daha böyük bir prosesin yalnız görünən hissəsidir. Burada xarici siyasətlə daxili siyasi rəqabət bir-birinə qarışır. ABŞ-la dialoq imkanının saxlanılması ilə prinsipial və sərt mövqenin qorunması arasında balans yaratmaq Tehran üçün əsas problemlərdən biri olaraq qalır. Əraqçinin siyasi gələcəyi də müəyyən mənada bu balansın hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq”.

 

 

 

Gununsesi.info