Milli Məclisin deputatı Fazil Mustafa dini xurafat, mövhumat və cəmiyyətdə cəhalətin yayılması ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, dövlət üçün təhlükə hesab edilən dini xurafat və mövhumatın ayrı-ayrı təzahürlərini tənqid edən şəxslər tez-tez sosial şəbəkələrdə müqavimətlə qarşılaşırlar.
Deputat bildirib ki, bu zaman özünü müasir və yenilikçi obrazda təqdim edən bəzi ictimai şəxslər də dini cəhalətə haqq qazandırmağa çalışaraq qaragüruhun rəğbətini qazanmağa cəhd göstərirlər.
Fazil Mustafa qeyd edib ki, dini xurafat və xarici dini-ideoloji təbliğatın qarşısının qanunvericilik vasitəsilə müəyyən qədər alınması mümkün olsa da, bu istiqamətdə cəmiyyətin ziyalı təbəqəsinin həssaslığı, cəsarəti və fəallığı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, məsuliyyət yalnız dövlətin üzərinə qoyulmamalıdır.
Deputat hesab edir ki, bəzi hallarda dövlət bürokratiyasında müşahidə olunan laqeydlik və yetərsiz yanaşma problemin həlli üçün kifayət etmir. Buna görə də, Vətənin və millətin gələcəyini düşünən ziyalıların maarifləndirici fəaliyyətinin daha mühüm rol oynadığını vurğulayıb.
Fazil Mustafa çıxışında Ölülər əsərinin qəhrəmanları Kefli İsgəndər və Şeyx Nəsrullah obrazlarına da istinad edərək bildirib ki, cəmiyyətin maariflənməsi uşaqların hüquqlarının və gələcəyinin qorunmasına xidmət edir, xurafatın təbliği isə əks nəticələrə gətirib çıxara bilər.
O vurğulayıb ki, mənəviyyatın mənbəyi elm, kitab, bilik, mədəniyyət, sağlam düşüncəyə və insan sevgisinə çağıran din və ənənələr ola bilər. Bununla yanaşı, o bildirib ki, savadsız din adamlarının, din alveri ilə məşğul olanların, radikal məzhəb və təriqət tərəfdarlarının, eləcə də insan haqlarına və müasir dəyərlərə qarşı çıxan şəxslərin fikirləri mənəviyyat meyarı kimi qəbul edilməməlidir.
Fazil Mustafanın sözlərinə görə, dini xurafatı və mövhumatı açıq və ya dolayı yolla dəstəkləyən, savadsız din xadimlərinin fikirlərini alimlərin mövqeyindən üstün tutan ictimai şəxslərin ciddiyə alınmaması cəmiyyətin ən təsirli etiraz formalarından biri ola bilər.
Deputat əlavə edib ki, mövhumat yalnız dini sahədə deyil, siyasətdə, ədəbiyyatda və müxtəlif ideologiyalarda da özünü göstərə bilir.
O bildirib ki, şəxsi dini inancından asılı olmayaraq, insan haqlarını, sülhü, fikir azadlığını və sağlam düşüncəni təşviq edən hər bir faydalı fikrin paylaşılmasının vacib olduğunu hesab edir.
Sonda Fazil Mustafa qeyd edib ki, cəmiyyət “aydınlıq ruhunu” qorumaq üçün doğru seçim etməli və bu seçimə görə hər kəs məsuliyyət daşımalıdır.
Orxan











