Gədəbəydə yanacaqdaşıyan maşın yandı - VİDEO

  • By admin
  • 16 Yanvar 2023 10:36

Gədəbəydə yanacaqdaşıyan avtomobildə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gecə saat 01:30 radələrində nazirliyin “112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus “Shacman” markalı yanacaqdaşıyan avtomobilin kabina hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinadakı yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.

Gununsesi.info