Gənclər üçün “Gənclik və dəyərlər” layihəsinə start verilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihənin icrasına başlayır.

Layihənin koordinatoru, “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadənin Gununsesi.info -ya verdiyi məlumata görə, layihənin müddəti 3 aydır və İsmayıllı, Xaçmaz, Quba və Şabran rayonlarında həyata keçiriləcək.

Layihənin əsas məqsədi gənclər və yeniyetmələr arasında erkən nikahların mənfi sosial, psixoloji və hüquqi nəticələri barədə maarifləndirmə aparmaq, sağlam ailə münasibətlərinin formalaşmasına və ailə institutunun möhkəmlənməsinə dəstək göstərməkdir.

Layihə çərçivəsində maarifləndirici tədbirlərin təşkili, benefisiarlara qanunvericilikdən çıxarışlar və digər materialların paylanması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda layihə hazırlıq mərhələsindədir. Bu mərhələdə layihəyə cəlb olunacaq işçi heyətlə mövzu üzrə ətraflı müzakirələr aparılır, benefisiarlar müəyyənləşdirilir, işçilərə vəzifələr izah olunur və müqavilələrin bağlanması həyata keçirilir.

 

 

Şəbnəm

Gununsesi.info