Gürcü Arzusu gürcülərin arzusuna qarşı -ŞAHİN CƏFƏRLİ YAZIR

  • By admin
  • 23 Mart 2023 12:01

Ukraynadakı kontinental müharibənin beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qaldığı bir vaxtda postsovet məkanının başqa bir ölkəsi diqqəti özünə cəlb edə bildi. 2023-cü ilin mart ayının əvvəllərində Gürcüstanda müşahidə olunanlar bu ölkəyə xas olan permanent siyasi gərginliklərin çərçivəsini aşan və geosiyasi mahiyyət daşıyan hadisələr idi. Son vaxtlara qədər güman olunurdu ki, 2008-ci ildə NATO-dan üzvlük perspektivi almış , 2014-cü ildə Avropa İttifaqı ilə assosiativ saziş imzalamış Cənubi Qafqazın bu kiçik ölkəsi öz strateji seçimini edib və avroatlantik strukturlara inteqrasiya istiqamətində irəliləyir. Gürcü Arzusu hökumətinin Rusiyaya yaxınlaşdığı və avrointeqrasiya xəttindən uzaqlaşdığı barədə gürcü müxalifətçilərinin tez-tez səsləndirdiyi iddialar daha çox rəqibi daxili və beynəlxalq ictimai rəydə diskreditasiya etməyə yönələn şişirdilmiş fikirlər kimi görünürdü. Lakin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Gürcüstan hökumətinin və hakim partiyanın apardığı siyasət bu barədə şübhələri artırdı, xarici təsir agentləri haqqında qanun layihələrinin parlamentin gündəminə gətirilməsi və layihələrdən birinin ilk oxunuşdan keçməsi isə mənzərənin aydınlaşmasına səbəb oldu. Bu yazıda Gürcüstanda baş verən sözügedən hadisələrin səbəblərini və mahiyyətini araşdırıram.

Arayış: Gürcüstandakı son siyasi gərginliyin və Gürcü Arzusu hökumətinin Qərblə münasibətlərində yaranmış problemlərin səbəblərini anlamaq üçün 2020-ci ilin 31 oktyabr parlament seçkiləri dövrünə qayıtmaq lazımdır. 120 parlament üzvünün proporsional, 30-nun majoritar sistem üzrə seçildiyi seçkilərdə Gürcü Arzusu partiyasının poroporsional sistem üzrə 48,77% səs topladığı elan olundu, 30 birmandatlı dairənin isə hamısında (17 seçki dairəsində 2-ci tur keçirildi) bu partiyanın namizədləri qalib gəldi. Müxalifət nəticələrin saxtalaşdırıldığını və 2-ci tura qatılmayacağını, ümumilikdə yeni parlamentin işində iştirak etməyəcəyini bəyan edərək boykot qərarı verdi. 2021-ci ilin fevral ayında müxalifət lideri Nika Meliyanın həbsi siyasi hərarəti daha da yüksəltdi. Beləliklə, ölkədə siyasi böhran yarandı. Avropa İttifaqının vasitəçiliyi ilə hakimiyyət və müxalifət arasında aparılan dialoqun nəticəsində Aİ Şurasının sədri Şarl Mişel tərəfindən siyasi böhranın həlli üzrə plan təqdim olundu və 2021-ci il aprelin 19-da prezident iqamətgahındakı mərasimdə imzalandıGürcüstan üçün irəliyə doğru yol adlanan anlaşma mətnində seçki sistemində, seçki administrasiyasında və məhkəmə sistemində islahatların aparılması nəzərdə tutulurdu. Lakin iyulun 12-də Gürcüstan parlamenti bu anlaşmalara zidd olaraq Ali Məhkəməyə 6 hakim təyin etdi, iyulun 28-də isə Gürcü Arzusu partiyası razılaşmadan çıxdı. Bu qərar nəinki ölkədə siyasi böhranın kompromislər yolu ilə həllini qeyri-mümkün etdi, eyni zamanda, 2012-ci ildə hakimiyyətə gəlmiş Gürcü Arzusu partiyasının Qərblə münasibətlərində ilk ciddi problem kimi yadda qaldı. Ukraynada müharibə başladıqdan sonra isə bu problem getdikcə böyüdü.

Hökumətin çətin seçimi: avrointeqrasiya, yoxsa bir oliqarxın maraqları?

Gürcüstan hökuməti müharibənin elə ilk günlərindən Ukrayna ilə münasibətlərdə məsafə saxladı, Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirdi, müharibə ilə əlaqədar parlamentin növbədənkənar iclasının çağırılması barədə müxalifətin prezident tərəfindən dəstəklənən təşəbbüsünü rədd etdi. Hökumət gürcü könüllülərin döyüşmək üçün Ukraynaya getməsini əngəlləməyə çalışdı. Martın 1-də prezident Zelenski Gürcüstan hökumətini könülllülərin Ukraynaya yola düşməsinə mane olmaqda və Rusiyaya qarşı sanksiyaların tətbiqi mövzuzunda “amoral mövqe” sərgiləməkdə ittiham edərək Tbilisidəki Ukrayna səfirini məsləhətləşmələr üçün geri çağırdı.

Gürcü Arzusu hökuməti müharibənin əvvəlindən bəri hesab edir ki, Ukrayna Gürcüstanı da müharibəyə cəlb edib Rusiyaya qarşı ikinci cəbhə açmaq istəyir. Bu ritorika hələ də davam etdirilir. Münasibətlərdə gərginlik yaradan daha bir fakt Ukraynanın ötən ilin oktyabrında Gürcü Arzusu partiyasının qurucusu, partiyanı və ölkəni pərdə arxasından idarə edən oliqarx Bidzina İvanişvilinin yaxınlarına sanksiya tətbiq etməsidir.

Həbsdəki keçmiş prezident Mixail Saakaşvilinin səhhətinin ağırlaşması da ötən müddətdə Gürcüstan mövzusunu dünyanın diqqətinə gətirdi. Amerikalı toksikoloq Devid Smit Saakaşvilinin orqanizmində ağır metalların izlərinin aşkarlandığı, onun zəhərlənmiş ola biləcəyi barədə rəy verdi. Lakin Saakaşvilinin həbs qərarının dəyişdirilməsi barədə vəkillərin müraciətləri məhkəmə tərəfindən, ölkə daxilindən və xaricindən onun başqa ölkəyə müalicəyə göndərilməsi barədə müraciətlər isə siyasi hakimiyyət tərəfindən rədd edildi.

2020-ci ilin parlament seçkilərindən sonrakı dövrdə baş verən bütün bu hadisələr Gürcüstanda insan haqları və demokratikləşmə sahəsində ciddi geriləmə olduğunun göstəricisi idi. Məhz bu səbəbdən Avropa İttifaqının iyulun 23-də Brüsseldə keçirilən zirvə toplantısında Ukrayna və Moldova ilə birlikdə üzvlük perspektivi almasına baxmayaraq, Gürcüstana üzvlüyə namizəd statusu verilmədi, yalnız bəzi prioritet vəzifələrin həlli şərti ilə namizəd ola biləcəyi bildirildi. Aİ tərəfindən Gürcüstan hökuməti qarşısında 12 şərt qoyuldu. Bu şərtlərin bir çoxu Şarl Mişelin planında qeyd olunmuş məqamlardan ibarətdir və elə ilk maddədə həmin razılaşmalara istinad var: qeyd olunur ki, hökumət bu razılaşmaların ruhuna uyğun olaraq siyasi qütbləşməni aradan qaldırmalı və siyasi partiyalarla əməkdaşlığı təmin etməlidir. Ən diqqət çəkən maddə isə 5-ci maddədir. Orada bildirilir ki, hökumət deoliqarxizasiya apararaq şəxsi maraqların siyasi, ictimai və iqtisadi həyata ifrat təsirini aradan qaldırmalıdır. Gürcüstanın siyasi, ictimai, iqtisadi həyatına ifrat təsiri olan yalnız bir oliqarx var: Bidzina İvanişvili. Yəni belə güman etmək olar ki, Aİ İvanişvilinin qeyri-formal idarəçiliyinin ləğvini, ölkənin onun nəzarətindən çıxarılmasını tələb edir. Bu tələb, Aİ-nin digər şərtləri ilə birlikdə, hökuməti və hakim partiyanın rəhbərliyini çox mürəkkəb seçim qarşısında qoyur: onlar ya bu şərtləri yerinə yetirərək Qərblə münasibətləri qoruyub, avroatlantik inteqrasiya siyasətini davam etdirməli; ya da İvanişvilinin və özlərinin şəxsi maraqları üçün ölkənin bu perspektivini riskə atmalıdırlar.

Sonrakı hadisələr göstərdi ki, hökumət ikinci yolu seçdi, yaxud seçməyə məcbur oldu, çünki baş nazir İrakli Qaribaşvili, Gürcü Arzusu partiyasının lideri İrakli Kobaxidze və digər rəsmi şəxslər karyera yüksəlişlərinə görə İvanişviliyə borcludurlar və onun iradəsindən kənar qərar vermək gücünə malik olmaları şübhə doğurur. Ötən illərin təcrübəsinə əsasən deyə bilərik ki, İvanişvili istədiyi an partiyanın liderini və hökumət başçısını vəzifədən asanlıqla uzaqlaşdıra bilər, çünki partiya onun nəzarətindədir. (2012-ci ildən bəri 6 dəfə baş nazir dəyişikliyi baş verib).

Qalmaqala səbəb olan Xarici təsirin şəffaflığı haqqında və Xarici agent haqqında aktın qeydiyyatı adlı qanun layihələrinin gündəmə gətirilməsi və birinci layihənin ilk oxunuşdan keçirilməsi bu baxımdan çox da gözlənilməz deyildi, hökumətin Şarl Mişel razılaşmalarından imtinasından, ümumən Ukrayna müharibəsinin başlamasından sonrakı siyasətinin məntiqinə uyğun idi. Amma bu addım həm ölkə daxilində, həm də Qərbdə böyük şok yaratdı. Xarici təsirin şəffaflığı haqqında qanun layihəsində xaricdən maliyyələşmə alan qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin Ədliyyə Nazirliyində reyestrinin yaradılması, gəlirlərinin 20%-dən çoxunu ölkə xaricindən alan bütün hüquqi şəxslərin xarici təsir agenti kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulurdu. Xarici agent haqqında aktın qeydiyyatı barədə layihədə isə nəinki QHT və KİV-in, həm də xaricdən maliyyə alan istənilən fiziki və hüquqi şəxsin xarici agent reyestrinə salınması, bundan imtina edənlərin 5 ilə qədər həbs cəzasına məhkum edilməsi əksini tapmşdı. Bu layihələr Rusiyada qəbul olunmuş Xarici təsir altında olan şəxslərin fəaliyətinə nəzarət haqqında qanunun analoqu və ya bənzəri olmaqla, Aİ-nin 12 şərtinin ruhuna, ümumilikdə ölkənin demokratik inkişafına zidd idi. Çünki müstəqil vətəndaş cəmiyyəti üzərində hökumətin sərt nəzarətinin təmin olunmasına və Qərb fondlarından maliyyə alan fiziki-hüquqi şəxslərin xarici agent kimi damğalanaraq ölkə içərisində gözdən salınmasına xidmət edirdi. Məlum idi ki, bu layihələr qəbul edilsə, hər hansı avrointeqrasiyadan söhbət gedə bilməzdi, yəni faktiki olaraq, ölkənin avroatlantik inteqrasiya kursu sabotaj edilirdi.

Bu isə Gürcüstan əhalisinin əksəriyyəti üçün qırmızı xətdir. Aparılan rəy sorğuları göstərir ki, əhalinin azı üçdə ikisi Avropa İttifaqına üzvlüyün, 70%-ə yaxını isə NATO-ya üzvlüyün tərəfdarıdır. Avroatlantik inteqrasiyanın Gürcüstanda milli ideyaya çevrildiyini söyləmək mümkündür, müstəqilliyin ilk illərindən etibarən siyasi qüvvələr bu məsələni ali məqsəd kimi müəyyənləşdiriblər. 2008-ci ilin yanvarında keçirilən konsultativ referendumda əhalinin 77%-i NATO üzvlüyünü dəstəkləyib. Avroatlantik inteqrasiya həm də konstitusion tələbdir. Konstitusiyanın keçid müddəasında (78-ci maddə) bildirilir ki, dövlət orqanları öz səlahiyyətləri çərçivəsində Gürcüstanın Avropa İttifaqı və NATO-ya tam inteqrasiyasını təmin etmək üçün bütün tədbirləri görməlidir.

Bütün bu səbəblərdən martın 7-də Xarici təsirin şəffaflığı haqqında qanun layihəsinin ilk oxunuşdan keçməsindən sonra paytaxt Tbilisidə etiraz aksiyaları başladı və ayın 9-da parlament çoxluğu layihəni geri çəkməyə məcbur oldu.

Amma onu da qeyd etməliyik ki, Gürcüstanda avrointerasiya istiqamətində real addımlar məhz Gürcü Arzusu partiyasının iqtidarı dövründə atılıb. Mövcud hökumət əslində Saakaşvili dövründə təməli qoyulmuş xarici siyasəti ehtiyatla da olsa, davam etdirib. 2014-сü ilin iyun ayında Gürcüstan Ukrayna və Moldova ilə bərabər Avropa İttifaqı ilə assosiativ saziş imzalayıb. 2017-ci ilin fevralında Aİ Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə qərar verib. 2022-ci il martın 3-də isə Gürcüstan Aİ-yə tamhüquqlu üzvlüklə bağlı Aİ-yə rəsmi müraciət edib.

Bəs necə oldu ki, bu siyasətin müəllifi olan bir hökumət fərqli istiqamətə yönəldi və ABŞ səfirinin dediyi kimi, son 6-8 ayda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə möhkəm tərəfdaşlığını pozmağa yönəlmiş kampaniya aparmağa başladı? Bunun iki əsas səbəbi var: birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Aİ-nin irəli sürdüyü şərtlərin oliqarxik sistemin ləğvini, məhkəmələrin və prokurorların müstəqilliyinin, media azadlığının təmin olunmasını, seçki islahatlarının keçirilməsini ehtiva etdiyi üçün hakimiyyətə təhlükə yaratması; ikincisi, Rusiya Federasiyası ilə yaxınlaşma.

Rusiya ilə əlaqələrdə yüksəliş trendi 

Ötən il Gürcüstan-Rusiya münasibətlərində nəzərəçarpacaq dərəcədə inkişaf müşahidə olunub. Bu, çox maraqlı tendensiyadır, çünki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi və bunun nəticəsində Rusiya-Qərb münasibətlərində strateji qırılma ilə eyni dövrə təsadüf edir. Xatırladaq ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının Rusiya tərəfindən işğalı ilə əlaqədar iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Lakin Gürcü Arzusu partiyası hakimiyyətə gəldikdən sonra Rusiya ilə gərginliyi azaltmağa yönəlmiş praqmatik siyasət yeridib və qarşılıqlı münasibətlərdə stabillik yaradıb. Bu siyasət Qərbi də qane edirdi, çünki onlar Saakaşvilinin radikallığından və Rusiya ilə hərbi toqquşmaya getməsindən məmnun deyildilər. (Saakaşvilinin Qərbin qərarverici dairələrində gözdən düşdüyünü onun həbsinə və məruz qaldığı rəftara Qərb paytaxtlarının zəif reaksiyasından da anlamaq mümkündür.)

Lakin belə görünür ki, Gürcüstan hökuməti Rusiya ilə münasibətlərdə çox dərinə gedərək Qərbin narahatlığını daha da artırıb. ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnanın bu barədə sözləri çox açıq və anlaşılandır: “İnsanlar gələcəyini Avropada görür, güclü demokratiya arzulayır, Rusiyadan asılı olmayan uğurlu və şaxələndirilmiş iqtisadiyyat istəyir. Ötən illərdə Gürcüstan Rusiyadan uzaqlaşmaq istiqamətində real tərəqqiyə nail olub. Bu impuls davam etdirilməlidir. Gürcüstanın ticarət, təhlükəsizlik və hər hansı digər məsələdə Rusiyadan asılı olmaq üçün səbəbləri yoxdur.”

2022-ci ildə Gürcüstan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci il ilə müqayisədə 52,3% artaraq 2,5 milyard dollar təşkil edib. Rusiyadan Gürcüstana pul köçürmələri isə rekord həddə – 6 dəfəyə qədər artaraq 2,068 milyard dollar olub ki, bu, Gürcüstanın 2022-ci il dövlət büdcəsinin təxminən üçdə biri qədərdir. Beynəlxalq Şəffaflıq – Gürcüstan təşkilatının Gürcüstanın Rusiyadan iqtisadi asılılığı: Rusiya-Ukrayna müharibəsinin təsiri adlanan hesabatına əsasən, ölkədə 17 min Rusiya mənşəli şirkət qeydiyyatdan keçib. Həmin şirkətlərin yarısından çoxu Ukraynada müharibə başladıqdan sonra yaradılıb və bunların 97%-i müharibə və səfərbərlik səbəbi ilə Gürcüstana miqrasiya edən Rusiya vətəndaşları tərəfindən təsis edilib. Gürcüstan İnformasiya Azadlığının İnkişafı İnstitutunun (IDFI) məlumatına görə, 2022-ci ilin fevral-avqust ayları ərzində 45 mindən çox Rusiya vətəndaşı Gürcüstan banklarında hesab açıb. IDFI hazırda Gürcüstan banklarının rusiyalı müştərilərinin sayının 60 mindən çox olduğunu bildirir. Bu isə Rusiyanın Qərb sanksiyalarından yayınmasında Gürcüstanın iştirakı barədə şübhələr yaradır. Gürcüstan prezidenti Salome Zurabişvili ilə ABŞ prezidentinin mili təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın 10 mart tarixli görüşündə bu mövzu müzakirə edilib. Sallivan bildirib ki, Gürcüstan Rusiyaya qarşı beynəlxalq sanksiyalardan yayınmaq və yan keçmək üçün vasitəyə çevrilməməlidir.

Gürcüstandakı son hadisələrə Rusiya rəsmilərinin münasibəti onların hökumətin geri addım atmasından məyus olduğunu söyləməyə əsas verir. Rusiya Dövlət Dumasının sədri Volodin qanun layihəsinin parlamentdən geri çəkilməsini Gürcüstanın öz suverenliyini qazanmaq şansından məhrum olması kimi qiymətləndirib. Xarici işlər naziri Lavrov isə Tbilisidəki xalq etirazlarını Kiyevdəki Maydan hadisələrinə bənzədərək bunu çevriliş cəhdi sayıb.

Prezident sistemdaxili müxalifət rolunda

Salome Zurabişvili son hadisələr zamanı bir müxalifət lideri kimi çıxışlar edərək diqqət mərkəzinə gəldi. Tbilisidə kütləvi etirazlar başlayarkən o, ABŞ-da idi və Nyu-Yorkdakı Azadlıq heykəlinin fonunda videomüraciətlə çıxış edərək aksiya iştirakçılarına dəstək verdi, xarici agentlər haqqında qanun layihəsinin qəbulunu Konstitusiyanın pozulması kimi qiymətləndirdi və Gürcüstanın Avropa gələcəyinin qorunması məsələsində etirazçı gəncliklə eyni mövqedə olduğunu bildirdi. Gürcüstan daxili siyasətini izləyənlər üçün xanım Zurabişvilinin bu mövqeyi sürpriz deyil. 2018-ci ildə Gürcü Arzusu partiyasının namizədi qismində prezident seçkilərində iştirak edib, qalib gələndə müxalifət onun İvanişvilinin kuklası olacağını düşünürdü, hətta Saakaşvili vaxtilə öz hökumətində xarici işlər naziri vəzifəsi tutmuş bu keçmiş diplomatı xəyanətdə ittiham etmişdi. Lakin Zurabişvili seçildikdən sonra tədricən müstəqil iradə ortaya qoymağa başladı və parlamentar sistemdə səlahiyyətlərinin çox məhdud olmasına baxmayaraq, vacib mövzulara dair öz qənaətini ifadə etməyə üstünlük verdi. Zurabişvilinin simvolik prezident rolu ilə razılaşmayaraq ölkənin siyasi həyatındakı bu fəallığı hökuməti qane etmədiyi üçün tərəflər arasında anlaşılmazlıq, hətta gərginlik yarandı.

Ukrayna müharibəsi başladıqdan sonra prezident və hökumətin mövqeləri arasındakı fərqlilik daha bariz ortaya çıxdı. Məsələn, Zurabişvili 1 mart 2022-ci il tarixli çıxışında bildirdi ki, Ukrayna həm də Gürcüstanın azadlığı üçün döyüşür, bütün Avropa Ukrayna məsələsində vahid mövqedədir və Gürcüstan da bu birliyin tərkib hissəsi olmalıdır. Onun Gürcüstan və Rusiya arasında uçuşların bərpasının əleyhinə çıxması və ölkəyə gələn rusiyalılara qarşı məhdudiyyətlərin tətbiqinə çağırması; ABŞ-ın Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışdığı barədə baş nazirin açıqlamalarını dezinformasiya adlandırması; Konstitusiyada təsbit olunmuş avroatlantik inteqrasiyanın əleyhinə çıxan partiyaların fəaliyyətinin qadağan olunması təşəbbüsünü irəli sürməsi; hakim partiyanı Rusiya təbliğatı ilə üst-üstə düşən bəyanatlar verərək təslimçi mövqe sərgiləməkdə ittiham etməsi də vacib detallardır.

İcra, qanunverici və yerli hakimiyyətlərin bir partiyanın nəzarətində olduğu ölkədə sistemin içərisində bu cür fərqli səsin mövcud olması Gürcüstan üçün vacibdir. Bu, az da olsa, nəzarət və tarazlıq (checks and balances) imkanı yaradır. Müxalifətin qərarların qəbuluna təsirini itirdiyi bir zamanda prezidentin dövlətin içərisində müxalif ictimai rəyin ifadəçisi və ötürücüsü rolunda çıxış etməsi, Qərblə çox yaxın əməkdaşlıq şəraitində çalışması onu ölkə siyasətinin hazırkı mərhələsi üçün mühüm aktora çevirir. Sergey Lavrovun, “şükür Allaha ki, Gürcüstanın inkişaf yolunu prezident müəyyən etmir” – sözləri isə Rusiyanın Gürcüstanda yaranmış vəziyyətə baxışını anlamaq baxımından əhəmiyyətlidir.   

Nəticə

Gürcüstan postsovet məkanında demokratik inkişaf sahəsində ən çox məsafə qət etmiş azsaylı ölkələrdən biri olsa da, son illər bu istiqamətdə reqres qeydə alınıb. Hazırkı hökumət dinamik siyasi həyatı olan Gürcüstanın müstəqillik tarixində ən uzunömürlü hökumətdir. Siyasi stabilliyə nail olunması baxımından bunun pozitiv tərəfləri olsa da, ötən dövrdə ölkədə formalaşmış idarəçiliyi seçkili yarımavtoritarizm adlandırmaq mümkündür. Ölkədə bütün hakimiyyət qollarının Gürcü Arzusu partiyası və onun hər hansı rəsmi vəzifə tutmayan qurucu liderinin nəzarəti altında olduğu personalist bir rejim hökm sürür. Müxalifət isə çoxlu kiçik siyasi partiyalara bölünmüş, qeyri-mütəşəkkil bir gücdür. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının hələ də ən iri müxalif güc kimi qalması siyasətin İvanişvili-Saakaşvili rəqabəti (hətta düşmənçiliyi) zəminində qütbləşməsinə səbəb olur ki, bu da müxalifətin yenilənməsini istəməyən hakimiyyətin maraqlarına uyğundur. Hökumət xarici agentlər haqqında qanun layihələrini parlamentdən keçirsəydi, azadlıqlar məhdudlaşdırılacaq, vətəndaş cəmiyyəti zəiflədiləcək və ölkə tam avtoritarizmə doğru irəliləyəcəkdi. Bu təhlükənin qarşısını müxalifət deyil, vətəndaş cəmiyyəti, xüsusən gənclik aldı. Saakaşvilinin azadlığa buraxılması tələbi ilə təşkil olunan etirazlarda kütləviliyin olmadığı bir məqamda Avropa perspektivinə sahib çıxmaq üçün insanlar özləri təşkilatlanaraq meydana çıxdı. Bir daha təsdiqləndi ki, avrointeqrasiya ölkədə milli konsensusdur. Moskvanın Gürcüstanda siyasi və iqtisadi təsirlərinin artmasına şərait yaradan hökumət də gördü ki, Rusiyanın ölkə içərisində nüfuzu minimaldır.

Bir sözlə, Gürcüstanın Avropa yolundan geri dönməsi və Rusiyanın nüfuz dairəsinə qayıtması ən azı indiki şərtlər daxilində mümkün deyil, bu, yalnız zorakı işğal nəticəsində gerçəkləşə bilər.

Şahin Cəfərli