Gürcüstanın sabiq baş naziri və hakim “Gürcü Arzusu” Partiyasının keçmiş sədri İrakli Qaribaşviliyə qarşı qanunsuz gəlirlərin xüsusilə böyük həcmdə leqallaşdırılması ittihamı irəli sürülüb.
Gununsesi.info bu barədə “Exo Kavkaza” portalı Baş Prokurorluğa istinadən məlumat yayıb.
İttihama görə, 2019–2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrində çalışmış Qaribaşvili dövlət qulluqçusu kimi “Korrupsiya ilə mübarizə haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi və əməkhaqqından başqa gəlir əldə etməyə hüququ yox idi. Lakin o, vəzifədə olduğu illərdə gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olaraq qanunsuz gəlirlər əldə edib.
Prokurorluq bildirir ki, Qaribaşvili mülkiyyətini leqallaşdırmaq üçün gəlir bəyannamələrində saxta məlumatlar göstərib, guya hər il ailə üzvlərindən böyük məbləğdə pul hədiyyələri alıb. Beləliklə, o, qanunsuz gəlirin bir hissəsini – 830 min lari (təxminən 301 min dollar) – “ailə hədiyyələri” adı altında leqallaşdırmağa çalışıb.












