Həmkarı Eldəniz Səlimovun yanına getmək istəyir

  • By admin
  • 13 Avqust 2021 12:52

“Eldəniz Səlimovun yanına gedə bilməmişəm. Hazırda bildiyiniz kimi istintaq gedir. O baxımdan görüşə bilməmişik”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı, parlamentdə E.Səlimovla yaxınlığı ilə seçilən Azər Badamov deyib.

Deputat həbsdə olan həmkarı ilə uzun müddət dostluq əlaqələrinin olduğunu söyləyib:

“Əlbəttə, istəyərdim yanına gedim. Parlamentdə də bir yerdə otururduq. Uzun müddətdir dostluq edirik. Təəssüf ki, belə hadisə oldu”.

Qeyd edək ki, A.Badamov parlamentdə E.Səlimovla eyni masa arxasında yanaşı əyləşib. Onun deputat həmkarı Səlimov artıq 10 gündür ki, həbsdədir.

Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Gununsesi.info