Həmyerlimiz Rusiyada çıxılmaz vəziyyətdə qalıb

Azərbaycan vətəndaşı Kamçatkada sel səbəbindən turistlərlə birlikdə çıxılmaz vəziyyətdə qalıb.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Kamçatkada güclü yağış və sel nəticəsində Tolbaçik vulkanı ərazisində turist qrupu çıxış imkanından məhrum olub.

Qrupun içərisində Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.

Onun sözlərinə görə, çayın məcrasından çıxması nəticəsində yolun bir hissəsi yuyulub. Bu səbəbdən ərazidən avtomobillə çıxmaq hazırda mümkün deyil.

Məlumata görə, ərazidə təxminən 100 nəfər təcrid olunmuş vəziyyətdə qalıb. Turistlərin ərzaq ehtiyatlarının tükənmək üzrə olduğu bildirilir.

Tatyana Dolivets aidiyyəti Azərbaycan qurumlarına və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edərək, Rusiya xilasedicilərinin əraziyə mümkün qədər tez göndərilməsinə kömək göstərilməsini istəyib.

Hazırda turistlərin ərazidən təhlükəsiz şəkildə təxliyəsi üçün xilasedicilərin gəlməsi gözlənilir.

 

Gununsesi.info