Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 23 yaşlı nəvəsi Həsən Salahzadə haqqında fikirlərə münasibət bildirib. Qalib Salahzadə nəvəsinin Bilgəh qəsəbəsində ümumi sahəsi 1 286 kvadratmetrlik üç binadan ibarət obyekt açmasının müzakirə yaratmasına, belə bir biznesi qurmaqda babasının ona dəstək verməsi barədə məlumatın həqiqətə uyğun olmadığını deyib.
“Bilgəhdə nə qədər desəniz, obyektim var. 23 yaşında nə obyekt açmaq? Həsən şəhərdə yaşayır. Ayrı ev-eşiyi var, Bilgəhdə nə işi var? Heç Bilgəhə gəlir ki, hələ bir obyekt də açsın?
Həsənin adına heç eşşək də yoxdur. Nəvələrimin hamısını kənddən uzaqlaşdırmışam ki, qoy gedib şəhərdə mədəniyyət, qabiliyyət sahibi olsunlar. Bilgəhdə nə var ki, obyekt açsınlar? Bir hacı Qalib var, ancaq ondan yazırlar. Nəvələrimi oxutdururam. Həsən Salahzadənin nə işlə məşğul olduğunu heç bilmirəm. Bircə bunu bilirəm ki, haradasa ciddi işlərlə məşğuldur.
23 yaşında birinin atası, babası ona kömək olmasa, o heç bir biznes qura bilməz. Bu söhbətləri yayanlar məqsəd güdürlər, uşağın adını mətbuata buraxırlar. Həsən çox savadlıdır. ABŞ-də oxuyub. Qohum-əqrəbadan başqa adam tanıyır ki? İndi yer-göy ev tikir. Mən də bir ev tikdim, dron çıxarıb ev-eşiyimi çəkib internətə yerləşdirdilər ki, hacı Qalibin 85 milyonluq mülkü. Heç mənim vecimə deyil…” (Pravda.az)











