Son günlər “TikTok” və digər sosial şəbəkələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızının adı ilə yayılan məlumatlar diqqət çəkib.
Verilən məlumatlarda deputatın Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsi bildirilib.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu xəbərlər tamamilə yalandır.
O, vətəndaşları əsassız məlumatlara aldanmamağa çağırır:
“Çox təəssüf ki, bir sıra sosial media səhifələrində, xüsusilə də TikTok-da son vaxtlar mənim adımdan yanlış, heç bir əsası olmayan məlumatlar yayırlar. Mən çox üzülürəm və həmin adamlara demək istəyirəm ki, nə qədər onlar təxribat və böhtan xarakterli məlumatları yaysalar da, Azərbaycan ictimaiyyəti heç vaxt buna inanmayacaq. Çünki məni uzun illərdir, Azərbaycan ictimaiyyəti, xüsusilə də seçicilərim yaxşı tanıyır.
Guya mən hansısa media nümayəndəsinə demişəm ki, Azərbaycandan olan ermənilərə 30 il pensiya verməliyik. Bu, həqiqətən də gülüncdür, böhtandır. Mən, Məlahət İbrahimqızı əslən Qərbi Azərbaycandanam. 1987-1991-ci ildə bizim orada bir neçə yüzyilliklərə malik olan evimiz, mülkümüz, bir sözlə, hər şeyimiz erməni vandalları tərəfindən qəsb olunubdur. Mənim şəxsən bir azərbaycanlı, bu zülmü görən bir insan kimi belə bir söz deməyim, həqiqətən də gülünc doğuran hadisə olar. Bu yalan açıqlamalar o cür insanların böhtançı, şərçi, troll olduqlarını sübüt eləyir.
Təkcə 1987-1991-ci ildə 300 minə yaxın soydaşlarımız qovulub. Onların malı, mülkü, hər bir şeyi əllərindən alınıb. Belə bir hal ola-ola mənim və yaxud başqa bir Azərbaycan vətəndaşının belə bir müsahibə verməsi, bu cür yanaşması, həqiqətən də bu böhtanın ağlasığmaz olduğunu göstərir. Mən o insanlara bir daha müraciət edirəm ki, bu cür çirkli troll yazılarından, fəaliyyətlərindən əl çəksinlər”.
Şəbnəm












