Hökumət xeyriyyəçilik faəliyyətini nəzarətə götürür - MİLLİ MƏCLİSDƏN YENİ QANUN GƏLİR

  • By admin
  • 31 Avqust 2020 14:29

 

Azərbaycanda xeyriyyəçilik fəaliyyəti qanunla tənzimlənə bilər.

Gununesi.info bildirir ki, bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin payız sessiyası üçün  planlaşdırdığı məsələlər barədə danışarkən deyib.

Komitə sədri  xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun hazırlamağı düşündüklərini də bildirib:

“Belə bir qanunun hazırlanması o qədər də asan məsələ deyil. Bu işin rəsmiləşdirilməsi yalnız Milli Məclisin payız sessiyasında mümkün olacaq. Əgər çatdıra bilsək, payız sessiyasında qanunu birinci oxunuşda təqdim etməyi nəzərdə tuturuq. Çatdıra bilməsək, Milli Məclisin növbəti ildəki yaz sessiyasında müzakirəyə çıxaracağıq”.

Parlamentari belə bir qanunun hazırlanması üçün əvvəllər də fikirlər səsləndiyini qeyd edib:

“Bir neçə il bundan qabaq xeyriyyəçiliklə bağlı qanunun hazırlanması təklifini irəli sürsək də, həllini tapmadı. Artıq komitə və Milli Məclisin müvafiq şöbəsi bununla bağlı tapşırıqlarını verib. Hazırda başqa ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Hesab edirəm ki, payız sessiyasında Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsində xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Çünki xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara güzəştlərin tətbiq olunması və bu fəaliyyətin stimullaşdırılması çox vacibdir. Pandemiya dövründə nə qədər insanlarımız xeyriyyəçilik təşəbbüsü ilə çıxış edib”.

Gununsesi.info