Bizim evdə İlaxır çərşənbə bayram kimi keçərdi.
Bir azdan gün başlayacaq…Anam oyanacaq, otaqların pərdəsini çəkəcək, pəncərələri açıb “qoy, yazın ətri, havası gəlsin” deyəcək. Sonra mətbəxə keçəcək, axşamdan islatdığı düyünün qarasını hazırlamağa başlayacaq.
Qrammofonda Məmmədbağır Bağırzadə “Süfrələrə şam düzün, qoy, arzular çin olsun” oxuyacaq. Biz də sanki onun tövsiyəsinə qulaq asıb həvəslə şamı xonçanın ətrafına düzməyə başlayacağıq ki, arzularımız çin olsun.
Sonra telefonun dəstəyini götürəcək, qohum-əqraba, dostu-tanışla bayramlaşmağa başlayacaq. Tövsiyəsindən də geri qalmayacaq, “ bayram günüdür, küsülü qalmayın” deyəcək…
Sonra axşam düşəcək, papağımızı da götürüb, qonşulara papaq atmağa gedəcəyik. Papağımıza rəngli yumurtalar, konfet, Novruz şirniyyatları qoyacaqlar, biz də topladıqlarımızı məhəllənin ortasında qalanmış böyük tonqalın ətrafında isinə-isinə yeyəcəyik. Sonra məhəllənin böyük uşaqları fona milli rəqslərimizi verəcəklər, oğlanlı-qızlı, böyüklü-kiçikli oynamağa başlayacaqlar.
Sonra hər kəs sevdikləri ilə birgə masa ətrafında toplanacaq, deyəcək, güləcək, yumurta döyüşdərəcək. Sonra AZTV-nin efirində ya milli tamaşalarımızdan biri veriləcək ona baxacağıq, ya da Zeynəb Xanlarova “Dünyanın xoşbəxti mənəm dünyada” oxuyacaq.
Onda uşaq idik, anlamırdıq, indi iliklərimizə qədər hiss edirik…Əgər sevdiklərin, doğmaların yanındadırsa, hər gün səsini eşidə bilirsənsə, yaşadıqlarının sevincini, kədərini onlarla bölə bilirsənsə, dünyanın xoşbəxti həqiqətən də sən ola bilirsən…
Dünyanın xoşbəxti olun, sağlam olun, doğmalarınızın yanında olun. Onda hər gününüz bayram axşamı kimi keçəcək.
İlaxır çərşənbəniz mübarək!
Jalə Həsənli












