İlham Əliyev: “Dövlət köçkünlərin doğma torpaqlarına qayıtması üçün əlindən gələni edəcək”

  • By admin
  • 07 Yanvar 2021 15:13

“Planlarımız böyükdür. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.

Gununsesi.org -un məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

İlham Əliyev deyib ki, 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır: “Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.

İl başlayıb, bizim hamımıza uğurlar, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxınlaşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək”.

Gununsesi.org