ABŞ Prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahına sahib olmayacağını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Ankarada keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
ABŞ lideri qeyd edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması Yaxın Şərqdə Vaşinqtonun addımları fonunda neft qiymətlərində yarana biləcək müvəqqəti dəyişikliklərdən daha vacibdir.
“İranın heç vaxt nüvə silahına sahib olduğunu görməyəcəyik. Bu, danışdığınız məsələdən – neft qiymətlərindən daha vacibdir. Neft qiymətləri kəskin şəkildə düşür. Hazırda bir qədər arta bilər, amma bu, çox tez başa çatacaq”, – Tramp bildirib.
O xatırladıb ki, ABŞ İrana münasibətdə əlavə addımlar ata bilər. Bununla belə, Tramp hesab edir ki, bu addımlar qlobal neft bazarında qiymətlərin ciddi artımına səbəb olmayacaq.
ABŞ Prezidenti, həmçinin yaxın vaxtlarda İrana qarşı zərbələr endirilməsi ehtimalını nəzərdən keçirdiyini də bildirib.











