İran Təhsil Nazirliyi bir milyon şagirdin təhsili yarımçıq qoyduğunu açıqladı

  • By admin
  • 09 Noyabr 2021 18:33

İran Təhsil Nazirliyi ölkədə bir milyon şagirdin təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığını açıqlayıb.

“Azad İran” “Telegram” kanalı qeyri-rəsmi məlumatlara görə, bu rəqəmin beş milyon olduğunu bildirilir.

Belə ki, İranda təhsil naziri vəzifəsini müvəqqəti icra edən Əlirza Kazımi Tehranda keçirilən konfransda 210 min şagirdin ibtidai təhsilini, 760 min şagirdin isə orta təhsilini yarımçıq qoyması və bunun ciddi bir təhlükə olması ilə bağlı xəbərdarlıq edib.

“Cəhan-e Sənət” qəzeti isə ölkənin təhsil məsələləri üzrə mütəxəssisi İbrahim Səhərxizə istinadən yazıb: “İranda distant təhsil (şəbəke-ye şad) imkanları olmayan şagirdlərin sayı 3,5 milyondur. Ancaq ölkədə əyani təhsil sistemi başlayana qədər təsilini yarımçıq qoyan şagirdlərin sayı 5 milyonu keçəcək”.

Səhərxiz eyni zamanda, nazirlik tərəfindən qeyd olunan bu rəqəmin dəqiq olmadığını və nazirliyin bu rəqəmləri haradan əldə etdiyini soruşaraq vurğulayıb: “Əgər bu meyar “Şad” şəbəkəsində şagirdlərin davamiyyət göstəricisinə aiddirsə, bu rəqəmlər dəqiq deyil. Çünki bir çox valideynlər övladlarının yerinə “Şad” şəbəkəsinə qoşularaq övladlarını işləməyə göndərirlər”.

Xatırladaq ki, İranda şagirdlər koronavirusa görə 2019-cu ildən təhsillərini “Şad” şəbəkəsi (distant təhsil) vasitəsi ilə evlərindən dərslərə qoşularaq davam etdirirlər.

Gununsesi.info