Əmək münasibətlərində işçilərin ən çox maraqlandığı məsələlərdən biri məzuniyyət dövründə işdən çıxarılmanın mümkün olub-olmamasıdır. Xüsusilə bəzi hallarda işçilər məzuniyyətdə olduqları vaxt əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat aldıqlarını bildirirlər.
Bu isə “işçi məzuniyyətdə olarkən işdən çıxarıla bilərmi?” sualını aktuallaşdırır.
Gununsesi.info-ya danışan hüquqşünas Rəşad Səfərovun sözlərinə görə, əmək qanunvericiliyində işçilərin hüquqlarını qoruyan müəyyən təminatlar mövcuddur.
O bildirib ki, işçinin əmək məzuniyyətində olduğu müddətdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi bir sıra hallarda məhdudlaşdırılır.
Hüquqşünas qeyd edib ki, qanunvericiliyə əsasən, işçinin məzuniyyətdə olduğu dövrdə onun işdən çıxarılması ümumi qayda olaraq yol verilən hal hesab olunmur. Lakin müəssisənin tam ləğvi və ya əmək müqaviləsinin müddətinin başa çatması kimi istisna hallar mövcud ola bilər.
Onun sözlərinə görə, bəzi işçilər məzuniyyətdə olarkən işdən çıxarıldıqları barədə sonradan xəbər tuturlar və bu zaman hüquqlarının pozulduğunu iddia edirlər. Hüquqşünas vurğulayıb ki, belə hallarda işçi aidiyyəti dövlət qurumlarına və ya məhkəməyə müraciət edə bilər.
“Əmək münasibətlərində həm işçinin, həm də işəgötürənin hüquq və vəzifələri qanunla tənzimlənir. Xüsusilə işdənçıxarma proseduru qanunun müəyyən etdiyi qaydalara uyğun aparılmalıdır,” – deyə Rəşad Səfərov bildirib.
Orxan
Gununsesi.info












