Karantinin sərtləşdirilməsi QAÇILMAZ OLACAQ

  • By admin
  • 10 İyul 2022 11:09

Son günlər Azərbaycanda yoluxma sayında artım müşahidə edilir. Rəsmi statistikaya əsasən, son bir həftə ərzində yoluxma hallarının sayı 48 faiz artıb. Artım fonunda ölkəmizdə yenidən karantin qaydalarının tətbiqi gündəmə gəlib. Belə ki, səhiyyə qurumlarının yaydığı birgə məlumata görə, yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.

Əksər ekspertlər karantinin sərtləşdirilməsi fikrinə etiraz edərək, bu addımın əhalinin iqtisadi durumuna mənfi təsir göstərəcəyini bildiriblər.

Bəs, yoluxmanın qarşısını almaq üçün hansı addımları atmaq lazımdır?

Bu barədə Modern.az-adanışan tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla hesabb edir ki, koronavirus pandemiyasının hələ bitmədiyini nəzərə almaq lazımdır:

“Düzdür, deyirlər ki, pandemiya tarixə qovuşub. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı )ÜST) xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin tövsiyələrini nəzərə alaraq hələlik pandemiyanın davam etdiyini deyir. Çünki bütün ölkələrdə paralel və optimal vaksinasiya getməyib. Dünya əhalisində kollektiv immunitet baş verməyib”.

Həkimin sözlərinə görə, vaksinasiya məsələsində Azərbaycan digər ölkələrdən fərqlənir:

“Digər ölkələrdən fərqli olaraq, bizdə əhalinin böyük hissəsi vaksinasiyadan keçib. İnsanlarda immunitet yaranıb. Amma omikron ştammının sonuncu mutasiya olmadığı, mutasiya prosesinin davam etdiyi nəzərə alınmalıdır. Yeni mutasiyaların necə təsir göstərəcəyini hələ bilmirik. Buna görə də, nə qədər pandemiya bitməyib, karantinin davam etməsi normal hal kimi qəbul edilməlidir”.

A.Qeybulla vurğulayıb ki, karantin rejiminin sərtləşdirilməsi epidemioloji vəziyyətlə əlaqədar olacaq:

“Karantin qaydaları çox yumşaldıldı. İnsanlar elə bilirlər ki, virus artıq yoxdur. Ancaq bu belə deyil. Bəli, epidemioloji vəziyyət gərginləşərsə, Karantin ona uyğun sərtləşdirilə bilər”.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 793 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 609 nəfər müalicə olunaraq sağalıb, 9719 nəfər vəfat edib, aktiv xəstə sayı 367 nəfərdir.

Gununsesi.info