Lukaşenkoya qarşı kütləvi etirazlar davam edir

  • By admin
  • 06 Sentyabr 2020 22:54

Minlərlə insan Aleksandr Lukaşenkonun hakimiyyətdə qalması ilə nəticələnən mübahisəli seçkilərdən sonra bir aya yaxındır davam edən nümayişlərin arxasınca bazar günü yenidən Belarus şəhərlərinin küçələrində etiraz aksiyaları keçirib.

On minlərlə insan Minsk şəhərinin mərkəzində yürüşə qatılaraq, bir neçə cərgə ilə şəhərin mərkəzinə gedən küçələrdən keçib. İnsanlar əllərində müxalifətin simvolu olan qeyri-rəsmi qırmızı və ağ Belarus bayraqlarını daşıyıb, “Yaşasın Belarus!” və digər şüarlar səsləndiriblər.

İnsan hüquqlarını müdafiə qrupları azı 70 etirazçının saxlanıldığını bildirib.

Bundan öncə küçələrdə çevik polis qüvvələri Minskin mərkəzində hökumət binaları və abidələr ətrafında tikanlı məftillər qurub.

Telegram kanalında şəhərin bir neçə yerində zirehli maşınların yerləşdirildiyi bir neçə video paylaşılıb.

Etiraz aksiyaları Qrodno və Qomel şəhərlərində də keçirilib.

Lukaşenko rəqibləri ilə danışıqlardan imtina edir və yeni seçki çağırışlarını rədd edib.

O, avqustun 9-da keçirilmiş mübahisəli seçkilərdə səslərin 80-dən çox faizini aldığını iddia edir. Müxalifət partiyaları, ABŞ və Avropa İttifaqı səsvermənin ciddi şəkildə saxtalaşdırıldığını bildirir.

Belarus müxalifət lideri Svetlana Tixanovskaya
Belarus müxalifət lideri Svetlana Tixanovskaya

Bu arada, Belarus müxalifət lideri Svetlana Tixanovskaya ölkəsinin “dərin bir siyasi böhran” içində olduğunu deyib.

“Belaruslar dəyişib, onlar oyanıb”, Tixanovskaya şənbə günü səsvermədən bir neçə gün sonra ölkəni tərk edərək getdiyi Vilnüsdə bildirib.

Onun sözlərinə görə, Belarus xalqı “artıq mövcud hökumətə inanmır”. O deyib ki, “insanları geri çəkilməyə məcbur etmək mümkün deyil”.

Seçkilərdən sonra başlayan nümayişlər Lukaşenko üçün ən ciddi sınaq yaradıb.

Tixanovskayanın gələn həftə Polşa rəhbərliyinin nümayəndələri ilə görüşmək üçün Varşavaya səfəri planlaşdırılır.

Tixanovskayanın yardımçısı Volqa Kovalkova şənbə günü Varşavada jurnalistlərə verdiyi açıqlamada Belarus rəsmilərinin onu ölkəni tərk etməyə məcbur etdiyini bildirib.

Kovalkovanın sözlərinə görə, onu sərhədə gətirən xüsusi xidmət orqanlarının maşınının döşəməsində uzanmağa məcbur ediblər. Daha sonra isə o, sərhəddə sərbəst buraxılıb və sürücü onu tanıdıqdan sonra Polşaya gedən avtobusa minə bilib.

“Son günlər və həftələr baş verənlərin hamısını işgəncə hesab edirəm. Məni bir neçə dəfə uzunmüddətli həbslə hədələyiblər ”, Kovalkova bildirib.

Gununsesi.info