Məhkəmə -Hüquq Şurasının qarşısında aksiya keçirilib - FOTO

  • By admin
  • 01 İyul 2022 18:52

İyulun 1-də “Müdafiə xətti” ictimai təşkilatı Məhkəmə-Hüquq Şurasının qarşısında etiraz aksiyası keçirib.

İştirakçılar hüquq müdafiəçilərinin və jurnalistlərin açıq proseslərə buraxılmamasına etiraz ediblər. Aksiyada məhkumların ailə üzvləri də iştirak ediblər.

“Son aylarda demək olar ki, məhkəmələrin qapıları hüquq müdafiəçilərinə və jurnalistlərə bağlanıb. Hakimlərin qərarlarına istinad edərək bizi iclaslara buraxmırlar. Müttəhimlərin tərəfdarlarını da rezonans doğuran siyasi proseslər buraxmırlar”, – “Müdafiə xətti”nin həmtəsisçisi Zəfər Əhmədov deyib.

Onun sözlərinə görə, hüquq müdafiəçiləri və jurnalistlər ağır cinayətlərə və apellyasiya proseslərinə əvvəllər də düşə bilməyiblər. Əhmədov deyib ki, indi bu pis təcrübə rayon məhkəmələrinə də şamil edilib. Bütün bunlar hüquq müdafiəçilərinin proseslərin monitorinqini aparmasına  mane olur.

Öz növbəsində “Müdafiə xətti” qeyri-hökumət təşkilatının  icraçı direktoru Rüfət Səfərov bu məhdudiyyətləri məhkəmələrin müstəqilliyinin olmaması ilə əlaqələndirib.

“Siyasi motivli işlər üzrə məhkəmə prosesləri onsuz da məzhəkəyə çevrilib, indi onlar hüquq müdafiəçilərini və jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və siyasi partiyaları iclaslara buraxmırlar. Məhkəmələrə yalnız təqsirləndirilən şəxslərin vəkilləri və ailə üzvləri daxil ola bilər. Bu, məhkəmənin açıqlığı və şəffaflığı prinsipini pozur. Səbəb odur ki, hakimlər müstəqil deyil və Prezident Administrasiyasından göstərişlə hərəkət edirlər”, – Səfərov deyib.

O, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin rəhbərlərini və Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovu tənqid edib.

Aksiyada “Tərtər işi” fiqurantlarının valideynləri də iştirak ediblər. “Bu işdə özbaşınalıq edənlər indiyədək vəzifədədir. İndi yeni istintaq təyin ediblər, amma yüksək vəzifəli şəxslərdən heç biri cəzalandırılmayıb. Məhkəmələr özbaşınalığa göz yumub. Biz hakimlərə müraciət edərkən deyirdik ki, övladlarımıza işgəncə veriblər, deyirdilər ki, onları güllələmək lazım idi. Bu hakimlər hələ də vəzifədədirlər, övladlarımıza əziyyət verənlər öz postlarını saxlayırlar, övladlarımız isə hələ də həbsxanalardadır”, –  aksiya iştirakçılarından biri deyib.

“Tərtər işi” fiqurantlarının qohumları da hərbçilərə qarşı işgəncələrilə bağlı ictimai araşdırma aparan hüquqşünas İlham Aslanoğlunun həbsinə etiraz ediblər.

Aksiya qətnamənin açıqlanması ilə başa çatıb.

Aksiya insidentsiz başa çatıb, polis müdaxilə etməyib.

 

Gununsesi.info