Rusiya tərəfi Metsamor Atom Elektrik Stansiyasının (AES) regionun təhlükəsizliyinə təhdid yaratması ilə bağlı iddiaları Moskva ilə İrəvan arasındakı münasibətləri pisləşdirməyə cəhd kimi qiymətləndirir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bu cür məlumatları Rusiya-Ermənistan əməkdaşlığında parçalanma yaratmaq, Rusiyanın iştirakı ilə təşəbbüslərin inkişafına mane olmaq cəhdləri kimi qiymətləndiririk:
“Bundan əlavə, bu iddialar region üçün həqiqətən dağıdıcı olan Qərb layihə və texnologiyalarının təşviqinə xidmət edir. Həmin texnologiyalar, o cümlədən təhlükəsizlik baxımından Rusiya texnologiyalarından xeyli geri qalır. Metsamor AES Ermənistanın enerji balansında sistem əhəmiyyətli rol oynayır və ölkədə istehsal olunan elektrik enerjisinin təxminən 30 faizini təmin edir. Əlçatan elektrik enerjisinin sabit istehsalı Ermənistana uzun illər ərzində sənayeni inkişaf etdirməyə və texnoloji tərəqqini təmin etməyə imkan verib. Müasir dünyada, xüsusilə bir sıra Avropa ölkələrinin bərpa olunan enerji mənbələrinə keçidlə bağlı uğursuz təcrübəsi fonunda dinc atom enerjisi suverenliyin və enerji təhlükəsizliyinin amillərindən biridir. Öz AES-inin bağlanması dövlətin enerji sahəsində digər ölkələrdən asılılığının artmasından başqa heç nəyə gətirib çıxarmayacaq. Stansiyanın etibarlılığı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən də təsdiqlənib. MAQATE-nin baş direktoru Rafael Qrossi 2022-ci ilin oktyabrında Metsamora səfəri zamanı nüvə və fiziki təhlükəsizliyin artırılması üçün bütün tədbirlərin görüldüyünü qeyd edib. Hazırda Rusiya və Ermənistan mütəxəssisləri stansiyanın istismar müddətinin 2036-cı ilədək növbəti dəfə uzadılması üçün tədbirlər kompleksi həyata keçirirlər”.











