“Metronun açılması müzakirə edilir” - RƏSMİ

  • By admin
  • 08 Sentyabr 2020 12:37

“Bakı Metropoliteni”nin fəaliyyətinin bərpa olunması ilə bağlı daim müzakirələr aparılır və nə vaxt qərar olarsa, biz icra etməyə hazırıq.

Gununsesi.info-nun məlumatına görə, bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov qeyd edib ki, gündəlik olaraq, adi iş rejiminə hazırlaşırlar:

“Bizdə işlə bağlı normativlər var. Sahələrdə xidmət göstərən əməkdaşlarımız karantin qaydalarının tələblərinə əməl etməklə işə çıxırlar. Maşinistlər, stansiyada xidmət göstərən əməkdaşların hazırlığı da mütəmadi olaraq yoxlanılır. Tərəfimizdən işlə bağlı hansısa problem yoxdur”.

O, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun qurumun fəaliyyətinin bərpa olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmədiyini də deyib:

“Hazırda metronun bağlanması epidemioloji vəziyyətlə bağlıdır deyə, sırf peşəkar, ixtisaslaşmış yanaşma tələb edir. Bizim vəzifəmiz sərnişindaşımadır. Ona görə də qərar nə olacaqsa, biz də onu icra edəcəyik. Amma metropolitenin açılması birmənalı olaraq, daim müzakirə edilir. İndiki halda metronun fəaliyyətinin bərpa olunması ilə bağlı bizə konkret göstəriş verilməyib. Yəni metronun köhnə qayda ilə açılması, yaxud metodiki göstəriş şəklində hansısa qərar yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə sentyabrın 13-dən etibarən “Bakı Metropoliteni” QSC-nin fəaliyyətini bərpa edəcəyilə bağlı məlumatlar yayılıb.

Gununsesi.info