Mikayıl Cabbarov: Azərbaycanın iqtisadi inkişaf modeli ixracyönümlülük və insan kapitalına əsaslanmalıdır

“Azərbaycanın böyük həcmdə strateji valyuta ehtiyatlarına malik olması və xarici borc səviyyəsinin aşağı olması ölkə iqtisadiyyatına xarici təsirlər və qlobal şoklar qarşısında mühüm dayanıqlıq qazandırır. Eyni zamanda, bu potensial gələcək inkişaf üçün istifadə oluna biləcək mühüm resurs kimi qiymətləndirilir”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusi müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanın uzunmüddətli iqtisadi hədəfi möhkəm maliyyə təməlinə söykənən və şaxələndirilmiş iqtisadi modelin formalaşdırılmasıdır.

Onun sözlərinə görə, iqtisadiyyat hər hansı bir təbii sərvətdən və ya ayrıca sektordan asılı olmamalı, müxtəlif dayanıqlı sahələr üzərində qurulmalıdır.

“Ölkə iqtisadiyyatını bir tərəfdən möhkəm maliyyə təməlinə söykənən, digər tərəfdən isə şaxələndirilmiş formada görmək istəyirik. Məqsədimiz iqtisadiyyatın yalnız neft-qaz sektoruna deyil, müxtəlif sağlam iqtisadi sahələrə əsaslanmasıdır”, – deyə nazir vurğulayıb.

M.Cabbarov bildirib ki, iqtisadi inkişafın əsas meyarlarından biri yeni iş yerlərinin yaradılması və vətəndaşlar üçün ləyaqətli həyat səviyyəsini təmin edən imkanların genişləndirilməsidir. Bu baxımdan qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Lakin bütün sahələrin eyni vaxtda prioritet elan edilməsinin mümkün olmadığını deyən nazir ölkənin üstünlükləri, məhdudiyyətləri və zaman amili nəzərə alınmaqla konkret istiqamətlərin seçildiyini qeyd edib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın makroiqtisadi və fiskal dayanıqlığı əhəmiyyətli dərəcədə güclənib. Hazırda ölkənin valyuta və qızıl ehtiyatları ümumi daxili məhsulun həcmini üstələyir, xarici borc isə azalma tendensiyası nümayiş etdirir.

M.Cabbarov diqqətə çatdırıb ki, Azərbaycanın daxili bazarının məhdudluğu iqtisadi inkişaf modelinin ixracyönümlü olmasını zəruri edir.

Onun sözlərinə görə, ixrac yalnız məhsul istehsalı ilə məhdudlaşmamalı, xidmət sektorunu da əhatə etməlidir.

“Turizm, maliyyə və digər peşəkar xidmət sahələri ölkəyə xarici valyuta gətirən mühüm istiqamətlərdir. Bu sahələrdə xidmət ixracının genişləndirilməsi iqtisadi artım üçün əlavə imkanlar yaradır”, – deyə nazir bildirib.

O vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün dövlət siyasətinin sabitliyi, dövlət və özəl investisiyaların artırılması, insan kapitalının inkişafı və peşəkar bacarıqların gücləndirilməsi əsas şərtlərdir.

Nazirin fikrincə, xüsusilə ənənəvi üstünlüklərin mövcud olmadığı sahələrdə uğur və rəqabət qabiliyyəti bilik, texnologiya, innovasiya və peşəkar bacarıqlardan birbaşa asılıdır.

Gununsesi.info