Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə təchizatçı şirkət arasında imzalanmış müqavilə çərçivəsində nəzərdə tutulan işlərə baxış zamanı müəyyən edilib ki, fəaliyyət cədvəlinin 3-cü mərhələsi üzrə 253 700 manat dəyərində inteqrasiya işləri 10 oktyabr 2025-ci il tarixinə qədər tamamlanmayıb.
Gununsesi.info-nun xəbərinə görə, bununla yanaşı, elektron xidmətlər portalı (proqram təminatı) istismar mühitinə təqdim olunmayıb.
Araşdırma zamanı həmçinin müqavilədə nəzərdə tutulmuş müddətlərin gözlənilmədiyi məlum olub.
Müqavilənin 22.1-ci bəndinə əsasən, təchizatçı xidmətləri vaxtında yerinə yetirmədiyi halda, satınalan təşkilat gecikməyə görə gündəlik 0,1 faiz olmaqla (ümumi məbləğin 10 faizindən çox olmamaq şərtilə) cərimə tətbiq edə bilərdi. Lakin inteqrasiya işlərinin 10 ay gecikməsinə baxmayaraq, maksimum hədd üzrə hesablanan 25 370 manat cərimənin tətbiq olunmadığı müəyyən edilib.
Bundan əlavə, mühasibat uçotu ilə bağlı da pozuntuya yol verilib. Belə ki, 253 700 manat məbləğində vəsait müvafiq olaraq 143 nömrəli “Verilmiş qısamüddətli avanslar” hesabında uçota alınmalı olduğu halda, düzgün olmayaraq 122-9 nömrəli “Sair məsrəflər” subhesabına silinib.
Mütəxəssislər qeyd edirlər ki, bu kimi halların qarşısının alınması üçün həm müqavilə intizamına, həm də mühasibat uçotu qaydalarına ciddi nəzarət olunmalıdır.
Elmar











