“Sosial şəbəkələr ünsiyyət, məlumat mübadiləsi və maariflənmək üçün geniş imkanlar yaradır. Lakin təəssüf ki, bəzi insanlar sosial şəbəkələri düzgün məqsəd üçün istifadə etmirlər”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev sosial şəbəkələrdə yaranmış xoşagəlməz vəziyyəti şərh edərkən deyib.
“Onlar təhqir, böhtan, söyüş və ailə dəyərlərinə hörmətsizlik kimi hallara üstünlük verərək bunu normal hala gətiriblər. Nəticədə milli mənəvi dəyərlərin tədricən zəifləməsi müşahidə olunur və sosial şəbəkələr bir növ təhqir və söyüş meydanına çevrilib.
Son dövrlərdə qanunvericilikdə edilən dəyişikliklər müəyyən qədər bu problemi azaltsa da, sosial şəbəkələrdə xoşa gəlməz halların qarşısını tam almaq hələ mümkün olmayıb. Buna görə də qanunvericilikdə əlavə dəyişikliklər edilməli və sosial şəbəkələrdə sərt qaydalar tətbiq olunmalıdır.
Əsas məsələlərdən biri istifadəçilərin kimliyinin müəyyən edilməsi, anonim və ya saxta adlarla istifadənin məhdudlaşdırılmasıdır. Eyni zamanda uşaqlar üçün yaş həddi tətbiq olunmalı və onlar yalnız müəyyən qaydalar çərçivəsində sosial şəbəkələrdən istifadə etməlidirlər”.
Banu












