Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək taleyinin necə olacağını bilmədiyini deyib.
Gununsesi.info xəbər verir ki, Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib ki, bu qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyilə bağlıdır.
Onun sözlərindən belə məlum olub ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib.
“Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob çılğınlıqla, Rusiya Federasiyası ilə bağlı hər şeyi ləğv etmək cəhdi ilə bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər. Əgər onlar Qarabağda və bütövlükdə Zaqafqaziyada nizamlama maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”, – Lavrov bildirib.
Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də yerlərdəki bütün digər münaqişələrdə rusofob siyasətin girovu olublar.
“ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyəti və ya gələcəyi ilə bağlı danışsaq, mən onun taleyinin necə olacağını bilmirəm. Çünki bu qrup üzrə fransalı və amerikalı tərəfdaşlarımız bizimlə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT Minsk qrupunun həmsədrlər “üçlüyü”nü də ləğv ediblər”.
O vurğulayıb ki, Rusiya belə yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.
Lavrovun sözlərinə görə, rəsmi Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasına çağırış edib.