“ABŞ Prezidenti Donald Trampın İran xalqına ünvanladığı aqressiv çağırışlar, o cümlədən dövlət müəssisələrinin ələ keçirilməsi və Amerikanın köməyinin yolda olduğu ilə bağlı mesajlar gözlənilən nəticəni verməyib”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, son etiraz aksiyaları rejimin zəifləməsinə səbəb olmayıb, əksinə, keçirilən hökumətə dəstək mitinqi İranda mövcud hakimiyyətin hələ də güclü olduğunu göstərib:
“İnternetin və telekommunikasiya xətlərinin söndürülməsi etiraz aksiyalarının nəzarət altına alınmasına imkan verib. Bu isə ABŞ və İsrailin daxili etirazlar vasitəsilə rejimin dəyişdirilməsi planının baş tutmamasına gətirib çıxarıb. Mövcud vəziyyətdə İrana qarşı hərbi müdaxilə ssenarisi ön plana çıxır”.
Onun fikrincə, ABŞ və İsrailin birgə həyata keçirəcəyi daha genişmiqyaslı ikinci hücum dalğası istisna edilmir.
“Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri və digər hökumət üzvləri ilə birlikdə İrana hücum planını müzakirə edir və bu planın təsdiqlənməsi mərhələsinə keçə bilər”,-deyə deputat əlavə edib.
Qeyd edək ki, İranda iqtisadi gərginliyə görə kütləvi aksiyalar davam edir.
Aksiyalarda hüquq-mühafizə orqanı əməkdaşları ilə toqquşmalar baş verir.
Şəbnəm












