Mövlam Şıxəliyevlə birlikdə Rüstəm Usubov da həbsdə olmalıdır - ASLAN İSMAYILOV

  • By admin
  • 28 Noyabr 2021 21:23

Xəbər verdiyimiz kimi, Ali Məhkəmə Plenumu NİDA Vətəndaş Hərəkarının 4 üzvü  barəsində bəraət qərarı verdi. 

Bundan əvvəl isə REAL Partiyasının sədri İlqar Məmmədov da bəraət alıb. Ali Məhkəmənin qərarı ilə bəraət alan bu şəxslərə həm də dövlət külli miqdarda təzminat ödəyəcək.

Bu məsələnin gündəmə gəlməsi Azərbaycanda prokurorluq orqanlarının məsuliyyətini də aktuallaşdırdı. Belə ki, həm NİDA üzvləri, həm də İlqar Məmmədovla bağlı cinayət işlərində İttiham Aktını o zaman Baş Prokurorun birinci müavini olmuş Rüstəm Usubov imzalamışdı. Baxmayaraq ki, həmin dövrdə bu həbslərin qurama olması barədə cəmiyyətdə birmənalı fikir var idi. 

Bəs görəsən, şüurlu şəkildə qanunsuzluğa imza atan onlarla vətəndaşın taleyini məhv edən Rüstəm Usubovun özü  nə zaman məsuliyyətə cəlb olunacaq? 

Azərbaycanın tanınmış hüquqşünası Aslan İsmayılov Gununsesi.info-nun bu barədə sualını cavablandırıb.

Yuxarıda sadalanan hər iki epizodun Rüstəm Usubovun törətdiyi qanunsuzluqlar arasında ən yüngülü olduğunu deyən Aslan İsmayılov bildirir ki, baş prokurorun sabiq birinci müavini bu və digər qanunsuzluqlara görə həbsdə olmalı idi: “Avropa İnsan Haqları Məhkəməsinin Rüstəm Usubovun təsdiq etdiyi ittihamlar barədə çıxaran  hökümləri  ləğv etməsi hakimlərdən başqa birbaşa  həm də Rüstəm Usubovun məsuliyyətini ortaya qoyur. Amma mən hesab edirəm ki, bu dediyiniz məsuliyyətlər Rüstəm Usubov haqqında söylənilən ən yüngül və cüzi fikirlərdir.Rüstəm Usubovun   daha ağır cinayətləri var və mən onların bir qismini sizə deyirəm.

Bu gün çoxları yaddan çıxarıb, amma  vicdanı olan insanlar yadından çıxarmamalıdır. Heç bir kimsəsi olmayan Rəna Nəsibovanın  öldürülməsi birbaşa Rüstəm Usubovun məsuliyyətidir. Həmin işi həm də ona görə yaxşı bilirəm ki, mən o hadisənin hardasa da iştirakçısı olmuşam. Müstəntiq Şaiq Salmanov mənə bu barədə danışmışdı.  Rüstəm Usubov, Zakir Qaralov onu cavan yaşında işdən qovdular. Bir gün o gəldi mənim yanıma çox həyacanlı şəkildə bildirdi ki, bir cavan xanım ona sensasion məlumatlar verib. Həmin xanım ona bildirib ki,  bir nəfər çeçenlə yaşayır və o çeçen  Rövşən Əliyevi necə öldürdüklərini ona danışıb. Şaiqi mən peşəkar müstəntiq kimi tanıyırdım. Mən onu dinlədim.  Şaiq birinci özü mənə dedi ki, qadının danışığını sual-cavabla təhlil edib və bu iş araşdırılmalıdır. Mən o zaman Şaiqə dedim ki, Rüstəm Usubov polisə nəzarət idarəsinin rəisidir, get yanına, özün danış. Şaiq Rənanı tapdı və  apardı həmin o Rüstəm Usubovun yanına. Onu Rüstəm Usubov dindirdi . Həmin o xanım bütün hər şeyi izah elədi.

Şaiq o xanımı ora aparanda Rüstəm Usubova da demişdi ki, bu qızın heç kimi yoxdu , bu çox təhlükəli məsələdir. Bu qızı qorumaq lazımdır.  Rüstəm Usubov demişdi ki, biz onu təhlükəsizliyini təmin edecəyik. Həmin o ifadəni Rüstəm Usubova verəndən bir neçə gün sonra həmin o Rəna Nəsibova iş otağında guya ağır dərəcəli narkotik dozasından vəfat etdi.  O dövrdə Ramiz Rzayev baş prokurorun birinci müavini idi. Bu iş ört-basdır oldu”.

“MTN İşi” barədə məhkəmələri də xatırladan Aslan İsmayılov deyir ki, Eldar Mahmudovun dəstəsinin bütün cinayətlərində Baş Prokurorluğun o zamanki rəhbərliyi də məsuliyyət daşıyır: ”
“Elə, sizin saytınızın baş redaktoru Pərviz Həşimlinin həbsini xatırladıram. O zaman Pərviz bəyin həbsinə təqdimatı Rüstəm Usubov vermişdi və istintaqın yekununda da ittiham aktını təsdiq etdi. Sonradan bəlli oldu ki, MTN eyni silahlarla həm Pərviz Həşimlini, həm də başqa adamları şərləyib. Pərviz Həşimli həbs olunan gün onun ofisinə getdim və oradan da açıqlama verdim ki, Pərviz peşəkar jurnalistdir və bu ittihamlarda nəzərdə tutulan cinayətləri törədəcək adam deyil. Mən hesab edirəm ki, bu gün Mövlam Şıxəliyevlə birlikdəı həbsdə olmalı adamlardan biri də məhz Rüstəm Usubovdur. Bu gün “MTN İşi” ilə bağlı məhkəmələrdə üzə çıxan faktlar var. Orada sübutlar ortaya çıxır ki, həbs olunan adamlardan MTN rəhbərliyi nə qədər vəsaitlər alıb. Hesab edirəm ki, bu pulların alınmasından sonra  Rüstəm Usubova da pay çatıb. Bu adamın cinayət məsuliyyətinə cəlb olunması üçün kifayyət qədər sübutlar var”.

Elmar 

Gununsesi.info