
Ermənistan müxalifəti Baş Nazir Nikol Paşinyanın impiçmentinə cəhd məsələsində razılığa gəlib.
Parlamentdəki Ermənistan fraksiyasının rəhbəri keçmiş müdafiə naziri Seyran Ohanyan deyib ki, “Şərəfim var” alyansının impiçment təklifinə onların deputatları da qoşulacaq. İmpiçment təklifini alyansa daxil Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sarkisyan irəli sürüb.
Müxalifətin Baç Nazir vəzifəsinə öz namizədi var- Masisin Meri David Ambartsumyan. İmpiçment məsələsinin Parlamentdə müzakirəyə çıxarılması üçün 36 deputatın imzası lazımdı. Müxalifətin isə ümumilikdə 36 deputatı var. Heç bir partiyanın üzvü olmayan daha 4 deputat var ki, onlardan ikisi ümumilikdə impiçmenti lazımlı saysa da, Baş Nazir vəzifəsinə öz namizədləri var, müxalifətin namizədini qəbul etmirlər. Amma müxalifət 36 imza toplasa belə, impiçmentin parlamentdən keçməsi üçün 54 deputatın səsi lazımdı.
Paşinyanın partiyası bildirib ki, müxalifətin bu təşəbbüsünə ciddi yanaşmır. Və gələnilki seçkilərə hazırlaşır.
Paşinyanın müxalifətdəki bəzi başqa rəqibləri impiçment təşəbbüsünü vaxt itkisi adlandırıblar və deyiblər ki, Baş Naziri dəyişmək cəhdi uğursuzluqla bitsə, bundan elə Paşinyan qazanmış olacaq, müxalifətin imicinə zərbə dəyəcək.
“Şərəfim var” alyansı isə impiçment məsələsinə ciddi hazırlaşdığını deyir və bəzi sürprizlərin ola biləcəyini bildirir. Amma sürprizlərin nədən ibarət olduğunu demir. Hakim Partiya deputatlarının onların tərəfinə keçə biləcəyini nəzərdə tutub-tutmadığını açıqlamır.