Natiq Cəfərli: - Xarici valyutanın geri qaytarılmamasına görə cinayət məsuliyyətinin ləğvi gecikmiş qərardır

  • Müəllif: Orxan
  • 10 İyul 2026 13:03

İqtisadçı Natiq Cəfərli Milli Məclisin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə nəzərdə tutulan cinayət sanksiyalarını ləğv etməsini müsbət qiymətləndirib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, bu qərar bir neçə il əvvəl qəbul edilmiş yanlış normanın aradan qaldırılmasıdır.

Cəfərlinin sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, müəyyən müddətdə xarici valyuta vəsaitlərini ölkəyə qaytarmayan şəxslər 3 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilirdi.

İqtisadçı qeyd edib ki, həmin qanun qəbul edilərkən onun məntiqsiz olduğunu, vətəndaşların mülkiyyət hüququnu pozduğunu və iqtisadi fəaliyyətə ciddi mənfi təsir göstərəcəyini dəfələrlə ictimai şəkildə dilə gətirib. O vurğulayıb ki, bu xəbərdarlıqlara baxmayaraq, qanun qüvvədə qalıb və nəticədə yüzlərlə vətəndaş cərimələnib, cinayət məsuliyyətinə cəlb olunub, bəziləri isə həbs cəzası alıb.

Natiq Cəfərli hesab edir ki, qanunun ləğvi doğru addım olsa da, bu müddətdə zərər görən insanların hüquqlarının necə bərpa ediləcəyi ilə bağlı suallar açıq qalır. O bildirib ki, vaxtilə yanlış olduğu deyilən qərarların illər sonra ləğv edilməsi zərərçəkənlərin yaşadığı problemləri aradan qaldırmır və bu cür halların təkrarlanmaması üçün qanunvericilik təşəbbüsləri daha diqqətlə qiymətləndirilməlidir.

Gununsesi.info