İqtisadçı Natiq Cəfərli “BakuBus” MMC-yə dövlət büdcəsindən ayrılan dotasiyalarla bağlı suallar qaldırıb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, rəsmi məlumata əsasən, “BakuBus” 2025-ci ildə dövlət büdcəsindən ümumilikdə 100 milyon manat vəsait alıb.
Bu məbləğin 50,7 milyon manatı Bakıda sərnişindaşıma fəaliyyətindən yaranan zərərin qarşılanmasına, 49,3 milyon manatı isə Xankəndi, Cəbrayıl, Ağdam və Laçında elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların, həmçinin Şuşa, Cəbrayıl və Laçında avtostansiyaların tikintisinə, eləcə də elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınmasına yönəldilib.
Natiq Cəfərli qeyd edib ki, maddi-texniki bazanın yaradılması üçün ayrılan 49,3 milyon manatlıq vəsait aydın görünür. Onun sözlərinə görə, əsas sual sərnişindaşıma fəaliyyətinə görə ayrılmış 50,7 milyon manatlıq dotasiya ilə bağlıdır.
İqtisadçı rəsmi statistikaya istinad edərək bildirib ki, “BakuBus” hər gün orta hesabla 557 min sərnişin daşıyır. Gedişhaqqı tarifləri məsafədən asılı olaraq 60 qəpikdən 1 manat 30 qəpiyə qədər dəyişir, hava limanı istiqamətində isə ödəniş 1 manat 50 qəpik təşkil edir.
“Orta hesabla gedişhaqqını 65 qəpik götürsək, gündəlik dövriyyə təxminən 362 min manat, aylıq dövriyyə 10,8 milyon manat, illik dövriyyə isə 130 milyon manata yaxın edir. Bu halda görünür ki, şirkət illik dövriyyəsinin təxminən 40 faizinə bərabər məbləği büdcədən dotasiya kimi alır”, – deyə o vurğulayıb.
Cəfərlinin hesablamalarına görə, “BakuBus” hər gün marşrutlara orta hesabla 280–320 avtobus çıxarır. Orta göstərici kimi 300 avtobus götürüldükdə, hər avtobusun gündə təxminən 1200 manat gəlir gətirdiyi, aylıq gəlirin isə 36 min manatdan çox olduğu ortaya çıxır.
“Yaxşı, ayda 36 min manat vəsait toplayan avtobus niyə zərərlə işləyir? Üstəlik, niyə əlavə dotasiya alır? Xərclər nə qədərdir, hansı istiqamətlərə sərf olunur? Bununla bağlı ‘BakuBus’un ictimaiyyətə açıq, detallı maliyyə hesabatı varmı? Sürücülərin əməkhaqqı, yanacaq və ya elektrik enerjisi xərcləri, təmir və texniki xidmət xərcləri nə qədərdir ki, bu gəlirlərə baxmayaraq fəaliyyət zərərlə nəticələnir?” – deyə iqtisadçı sual edib.
Elmar












