Naxçıvanda yeni inkişaf erası: Prezident İlham Əliyevin səfəri və strateji hədəflər

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri bölgənin tarixində yeni və şanlı səhifə açan müstəsna əhəmiyyətli tarixi hadisədir. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanla bağlı əsasını qoyduğu müqəddəs siyasi xətt bu gün Prezident İlham Əliyevin qətiyyətli iradəsi, uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti sayəsində ən yüksək səviyyədə davam etdirilir. Ulu Öndər hər zaman Naxçıvanı Azərbaycanın ayrılmaz parçası, çətin günlərin sığınacağı və milli dövlətçiliyimizin qala qapısı hesab edirdi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi miqyaslı tədbirlər həmin strateji xəttin təntənəsidir və Naxçıvanın həm iqtisadi, həm də geosiyasi baxımdan qüdrətlənməsinə xidmət edir.

Naxçıvanda son dövrlər həyata keçirilən idarəetmə islahatları özünü iqtisadi yükləşmədə də göstərməkdədir. Bölgənin inkişafı, Naxçıvanın Azərbaycanın “inkişaf nümunəsi” olması istiqamətində addımlar atılır. İlham Əliyevin bu dəfəki Naxçıvan səfəri buna görə xüsusi əhəmiyyət kəsb edir. Heç də təsadüfi deyil ki, bu səfərə həm ölkə daxilindən, həm də ölkə xaricindən maraq güclü idi. Çünki Naxçıvan Cənubi Qafqazda Azərbaycan prezidentinin formalaşdırdığı yeni reallıqların, bölgənin yeni inkişaf modelinin əsas nümunəsi olacaq.

Son illərdə Naxçıvan Muxtar Respublikasında idarəetmədə keyfiyyətcə yeni mərhələyə keçilib, dövlət idarəçiliyi sistemində şəffaflığın, operativliyin və xalqa xidmət prinsipinin təmin olunması istiqamətində radikal və uğurlu islahatlar həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda ilk dəfə “səlahiyyətli nümayəndə” institutunun Naxçıvanda tətbiq edilməsi, gənc və innovativ, əslən bu bölgədən olan kadrların Bakıdan Naxçıvana göndərilərək idarəetmə işinə cəlb edilməsi Muxtar Respublikanın kadr potensialının formalaşmasında müstəsna əhəmiyyətə malikdir. Bu, Naxçıvanda düzgün iş rejiminin qurulmasına səbəb olmuşdur.

Dövlət başçısının xüsusi diqqəti və qayğısı sayəsində Naxçıvana ayrılan külli miqdarda maliyyə vəsaitləri, milyardlarla manatlıq investisiyalar bölgənin simasını kökündən dəyişib. Bu vəsaitlər hesabına Naxçıvanın infrastrukturu tamamilə yenilənib, müasir yollar çəkilib, enerji və su təminatı problemləri kökündən həll olunub, ən ucqar kəndlərə qədər yüksək standartlara cavab verən sosial obyektlər, məktəblər, xəstəxanalar və mədəniyyət ocaqları istifadəyə verilib. Ayrılan hər bir manat Naxçıvan sakinlərinin rifah halının yaxşılaşdırılmasına, bölgənin iqtisadi potensialının maksimum səviyyədə hərəkətə gətirilməsinə yönəldilib. Dövlət başçısının bu gün Naxçıvanın inkişafına ayırdığı 258 milyon manat Muxtar Respublikanın tərəqqisinə daha böyük töhfə verəcəkdir.

Naxçıvan Dövlət Universitetinin yeni yataqxana kompleksinin tikilməsi barədə dövlət başçısının imzaladığı sərəncam bölgədə təhsilin inkişafında əlamətdar hadisədir. Son illərdə NDU-nun maddi-texniki bazasının möhkəmləndirilməsi təhsilin keyfiyyətində də müsbətə doğru artıma səbəb olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanın inkişafı təkcə yerli miqyaslı deyil, həm də ümummilli strateji əhəmiyyət daşıyan bir prosesdir. Zəngəzur dəhlizinin açılması perspektivləri fonunda Naxçıvanın qlobal logistika və nəqliyyat qovşağına çevrilməsi istiqamətində atılan addımlar bölgənin gələcək taleyini müəyyənləşdirən mühüm mərhələdir. Qarşıda duran əsas vəzifələr Naxçıvanın iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, turizm potensialının tam gücü ilə işə salınması və innovativ texnologiyaların idarəetməyə tətbiq olunmasından ibarətdir. Dövlət başçısının Naxçıvana hər səfəri bu vəzifələrin icrasına güclü təkan verir, yerlərdəki fəaliyyəti sürətləndirir və əhaliyə yeni nəfəs gətirir. Qlobal əhəmiyyətli Zəngəzur dəhlizinin girəcəyi də məhz Naxçıvandan başlayır. İlham Əliyevin bölgəyə səfəri həm də Böyük Zəngəzur layihəsinin həyata keçirilməsi üçün ən güclü amildir. Son dövrlər həyata keçirilən layihələr Muxtar Respublikada güclü inkişafa təkan vermişdir.

Bu möhtəşəm inkişaf prosesində birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzedilməzdir. Mehriban Əliyevanın həyata keçirdiyi genişmiqyaslı xeyriyyəçilik, sosial və mədəni layihələr Naxçıvandan da yan keçməyib. Fondun dəstəyi ilə Muxtar Respublikada bir çox tarixi abidələr bərpa olunub, təhsil və səhiyyə müəssisələri ən müasir avadanlıqlarla təchiz edilib, diqqətə və qayğıya ehtiyacı olan insanlara hər zaman həssaslıqla yanaşılıb. Mehriban xanımın nəcib təşəbbüsləri Azərbaycan qadınının mərhəmətini, humanizmini və dövlətçiliyə sədaqətini nümayiş etdirməklə yanaşı, Naxçıvanın ictimai-mədəni həyatına da xüsusi bir gözəllik və dinamika qatır.

Bütövlükdə, Prezident İlham Əliyevin Naxçıvana səfəri bir daha sübut etdi ki, Azərbaycan dövləti hər zaman bu strateji bölgənin arxasındadır və onun inkişafı üçün heç bir səsin, heç bir resursun əsirgənmədiyini nümayiş etdirir. Ulu Öndər Heydər Əliyevin ideyalarının sadiqliklə həyata keçirildiyi Naxçıvan bu gün güclü liderin əlində yeni intibah dövrünü yaşayır, qüdrətli Azərbaycanın ayrılmaz və inkişaf edən parlaq simvolu olaraq hər zaman irəliyə doğru inamla addımlayır.

Zeynal Əmrəliyev

Gununses.info