Nazirlik işçi qəbulu elan edib

  • By admin
  • 28 Mart 2023 14:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

“Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsi, əmək kitabçası (olanlar üçün), tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd, sağlamlıq haqqında arayış (qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsindən), 3×4 ölçüdə qırmızı fonda iki ədəd fotoşəkli şəxsən təqdim etməlidirlər.

Fiziki hazırlıq səviyyəsi və üzgüçülük bacarıqları müəyyən olunmuş normativlərə cavab verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Sənədlər 2023-cü il mart ayının 28-dən etibarən hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 26 ünvanında yerləşən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində qəbul edilir”, – məlumatda qeyd olunub.

Gununsesi.info