“Nissan Motor” şirkəti litium-ion batareyasının idarəetmə blokunda aşkar edilmiş nasazlıq səbəbindən 600 min 595 avtomobili geri çağırır.
Gununsesi.info xəbər verir ki, bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinə rəsmi məlumat təqdim olunub.
Məlumata görə, geriçağırma 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinədək istehsal olunan “Note”, “Note Aura” və “X-Trail” hibrid modellərini əhatə edir.
Bildirilib ki, batareyanın elektron idarəetmə blokunun proqram təminatındakı qüsur mexaniki nasazlıqlar barədə yanlış siqnallar yarada bilər. Bu isə avtomatik sistemin mühərrikə verilən elektrik enerjisini məhdudlaşdırmasına, bəzi hallarda isə mühərriki tamamilə söndürməsinə səbəb ola bilər. Nəticədə avtomobil hərəkət zamanı gözlənilmədən dayana bilər.
İndiyədək bu problemlə bağlı 452 müraciət qeydə alınıb. Həmçinin maddi zərərlə nəticələnən bir hadisənin baş verdiyi bildirilsə də, xəsarət alanlar barədə məlumat açıqlanmayıb.
Şirkət bildirib ki, geriçağırma kampaniyasına daxil olan bütün avtomobillərdə batareyanın idarəetmə sisteminin proqram təminatı ödənişsiz yenilənəcək.












