Niyə, bu qədər işgəncə və ölüm halının baş verdiyi korpus komandirlər şahid qismində belə dindirilməmişdi? - HÜQUQ MÜDAFİƏÇİSİ

  • By admin
  • 17 İyun 2022 17:49

Hüquq müdafiəçisi Rəsul Cəfərov Hərbi Prokuror Xanlar Vəliyevin Gununsesi.info-ya müsahibəsində  “Tərtər işgəncələri” barədə dediklərinə münasibət bildirib.

Xanlar Vəliyevin “Mənə istefa çağrışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır. Mən niyə istefa verməliyəm?”  sözlərini xatırladan Rəsul Cəfərov deyir ki, bu açıqlama ilə Hərbi prokuror etiraf edir ki, o, sonradan deyil, məhz həmin dövrdə, yəni 2017-ci ilin may-iyun aylarında hərbi qulluqçulara ağır işgəncələrin verildiyi vaxtda bu qanunsuz və cinayət tərkibi olan əməllərdən məlumatlı olub:

”İşgəncə görmüş və işgəncə nəticəsində dünyasını dəyişmiş hərbi qulluqçuların əksəriyyəti barədə də onun məlumatı olub və ya olmalı idi, belə ki, əksər hərbi qulluqçulara qarşı ittihamlar rəsmi qaydada Hərbi prokurorluq tərəfindən irəli sürülmüş, araşdırmalar hərbi müstəntiqlər tərəfindən aparılmış və prosesual rəhbərliyi hərbi prokurorlar həyata keçirmiş, ittiham aktları Hərbi prokuror və ya onun müavinləri tərəfindən təsdiq edilmişdi.

Rəsul Cəfərovun bildirir ki, işgəncələrin verilməsində iştirak etmiş şəxslər barədə istintaq da vaxtilə Hərbi prokurorluq tərəfindən aparılıb:

”Suallar ortaya çıxır ki, əgər Hərbi prokuror özü də etiraf etdiyi kimi hərbi qulluqçulara işgəncə verildiyini bilirdisə onda niyə həmin istintaq CM-nin müvafiq maddələri ilə deyil, daha yüngül maddələrlə tövsif edilərək aparılmışdı? Hansı səbəb və ya səbəblərdən vəfat etmiş hərbi qulluqçulardan birinin işi üzrə CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə aparılan istintaq sonradan daha yüngül maddələrə töfsif edilmişdi? Niyə, bu qədər işgəncə və ölüm halının baş verdiyi korpus komandirləri heç şahid qismində belə dindirilməmişdi? Niyə dövlətə xəyanət ittihamı almış, lakin sonradan xitam verilmiş hərbi qulluqçular sərbəst buraxılmaq əvəzinə hərbi prokurorluq tərəfindən başqa uydurma ittihamlarla üz-üzə qalıb azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi?”

Onun sözləeinə görə, suallar əslində həddən artıq çoxdur və onlar cavabsız qalıb. Belə olan vəziyyətdə Hərbi prokurorun istefası yaxud vəzifədən kənarlaşdırılması tam düzgün qərar olardı:

“Müsahibədəki digər məqamlar isə bu işin artıq 6 aydır istintaqını təzələmiş və fəaliyyət göstərən yeni İstintaq Qrupunun tam, hərtərəfli və obyektiv araşdırma aparmalı olduğunu bir daha nümayiş etdirir”.

Afət Abbasova

Gununsesi.info