O sənədlər Eldar Həsənovun xeyrinə olduğuna görə gizlədilib - SABİQ SƏFİRİN MƏHKƏMƏSİNDƏ SENSASİON FAKTLAR ÜZƏ ÇIXDI

  • By admin
  • 17 Dekabr 2021 21:34

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənovun işi üzə bu gün keçirilən proses bir sıra maraqlı məqamlarla diqqəti çəkib.

Gununsesi.info-nun xəbərinə görə, prosesdə çıxış edən vəkil Cavad Cavadov bildirib ki, Eldar Həsənovun həbsindən sonra Belqraddakı səfirlik binasında  axtarış zamanı götürülən sənədlər yoxa çıxıb:

“Eldar Həsənovun otağından bir sıra sənədlər götürülüb ki, onların arasında Serbiyadan Ermənistana silah satışı, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyində aparılan araşdırmalar da olub. Səfirlikdəki axtarış protokollarından görünür ki, oradan Eldar Həsənova məxsus imza faksimili, Ermənistanın Serbiyadan silah almasıyla bağlı Xarici İşlər Nazirliyində aparılan araşdırmalarla bağlı sənədlər, həmçinin bu haqda Azərbaycan və Serbiya mətbuatında dərc olunmuş məqalələrin kserosurətləri götürülüb. Lakin prokurorluq həmin sənədləri iş materiallarına əlavə etməyib. Eldar Həsənovun həbsindən sonra da Ermənistana silah satışı mövzusu müzakirə predmeti oldu…”
Prokuror Eldar Həsənovun bu haqda danışmasına etiraz edib.

Elə məhkəmə prosesini aparan hakim Əfqan Hacıyev də bu məsələnin məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığını vurğulayaraq, ona imkan verməyib.
Sabiq səfir özü də bu barədə ətraflı danışmaq istəməyib. Səbəbini də belə izah edib: “Bu məsələ dövlətlərarası xarakter daşıyır. Bu məsələ ilə əlaqədar yalnız onu deyə bilərəm ki, mən bir Azərbaycan övladı kimi, üzərimə düşən vəzifəni, mümkün olan və olmayan işləri görmüşəm. Dövləti məlumatlandırmışam ki, filan ölkənin sifarişilə filan yerdən filan şeylər gedir. Bu da işin içində var”.
Eldar Həsənov səfir işlədiyi müddətdə Belqradda qaldığı evin qapısının sındırılması və mülk sahibinin yerli hüquq-mühafizə orqanlarına şikayət etməsi haqda vəkilinin dediklərini də təsdiqləyib: “Bu, həqiqətdir. Dördmərtəbəli binanın ikinci mərtəbəsində dördotaqlı evdə qalırdım. Deməzdim ki, o davranış DTX əməkdaşlarının təşəbbüsü olub. Bildiyimə görə, hətta orada olanlar arasında qapını sındırıb-sındırmamaq müzakirəsi də olub. Məndə olan məlumata görə, qapının sındırılması Xarici İşlər Nazirliyinin orada olan nümayəndəsinin təşəbbüsü olub. Qapı sındırılıb və mülk sahibi təxminən 20 gün sonra yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Baxış adı altında əslində axtarış aparılıb. Mən artıq tutulmuşdum, heç ailə üzvlərim də iştirak etməyib. Səfirin qaldığı yer iqamətgah sayılır. Ona görə də mütləq səlahiyyətli şəxsin – səfirlik nümayəndəsinin iştirakı təmin olunmalıydı. Bunu da eləməyiblər”.
Vəkil Cavad Cavadov vəsatət qaldırıb ki, 13 avqust 2020-ci ildə səfirlikdə axtarış zamanı götürülmüş Ermənista silah satılması ilə bağlı sənədlər və məqalələr prokurorluqdan tələb olunub alınsın, cinayət işinin materiallarına əlavə olunsun və məhkəmədə araşdırılsın. Vəkilin sözlərinə görə, həmin sənədlər maddi sübut kimi götürülüb və müdafiəçilərin onlarla tanış olmaq hüququ var.
Müdafiəçinin sözlərinə görə, Rumıniya da daxil olmaqla, Eldar Həsənovun səfir işlədiyi 4 ölkəyə, eləcə də ailə üzvlərinin yaşadığı Türkiyəyə onun bütün yaxın və uzaq qohumlarıyla bağlı sorğular göndərilib, beynəlxalq tapşırıqlar verilib. 5 ölkədə aparılan araşdırmalar zamanı Eldar Həsənov və yaxınlarının əleyhinə olan heç bir fakt tapılmayıb: “5 ölkənin prokurorlugunda istintaq aparılıb heç birində Eldar Həsənovun əleyhinə bircə sübut da tapılmayıb. Səfir işlədiyi 4 ölkənin 40 milyona yaxın əhalisindən bir nəfər tapılmayıb desin ki, Eldar Həsənova bir manat pul vermişəm, yaxud məndən istəyib. Məhkəmədə dindirilənlərin heç biri onun əleyhinə ifadə vermədi. İttihamla bağlı sənədlərin heç birində Eldar Həsənovun imzası yoxdur. Eldar Həsənov tutularkən onunla dostluq əlaqəsi olan, salam verdiyi, hətta tanımadığı 16 nəfərin evində məhkəmə qərarı olmadan qanunsuz axtarış aparılıb. O, adamlardan “axtarışa etiraz etmirəm” ərizəsi alınmaqla bu qanunsuz əməli rəsmiləşdiriblər. Biabırçılıqdır, adamın evində, iş yerində axtarış aparırlar, hər dəfə də yazdırırlar ki, “etiraz etmirəm”. Aydın məsələdir ki, heç kim bunu könüllü etməyib. Bütün bunlar da tələsik aparılıb. Nəsə axtarırdılar, amma heç nə tapa bilmədilər”.
Vəkil vurğulayıb ki, Eldar Həsənovun həbsinin səbəbinin ona qarşı irəli sürülmüş ittihamlarla heç bir əlaqəsi yoxdur. Sabiq səfir özü də Baş Prokurorluğun onunla bağlı açıqlamasına cavabında bunu demişdi.
Digər vəkil Valeh Mehrəliyev deyir ki, Eldar Həsənovun yaxınlarıyla bağlı “İnterpol”un müxtəlif ölkələrdəki bürolarına da sorğular göndərilib, sabiq səfirin yaxınlarının maliyyə əməliyyatları araşdırılıb: “5 aya yaxın o ölkələrdə dindirmələr aparılmaqla, sənədlər alınmaqla araşdırma aparılıb. İstintaq çərçivəsində xarici ölkələrdən əldə olunmuş sənədlərin böyük əksəriyyəti Eldar Həsənovla bağlı iş materiallarına əlavə olunmayıb. Onlar prokurorluqda ayrıca otaqda saxlanılır. O cavablar Eldar Həsənovun xeyrinə olduğuna görə gizlədilib. Halbuki, onlar Eldar Həsənovun təqsirsizliyinə dəlalət edən sübutlardır. Məhkəmənin də vəzifəsidir ki, şəxsin təqsirsizliyinə dəlalət edən ərizə və vəsatətləri təmin etsin. Biz də xahiş edirik ki, o materiallar prokurorluqdan alınsın”.
Eldar Həsənov özü də əlavə edib ki, nəinki ailə üzvləri, nəslindəki 38 nəfər haqqında araşdırma gedib. Onun sözlərinə görə, Azərbaycandan 5 ölkəyə onlarla bağlı 52 sual göndərilib: “O suallara cavablar necə gəlibsə, o şəkildə də iş materiallarına əlavə olunmalıdır. Beynəlxalq Maliyyə Kəşfiyyatına sorğular göndərilib. O sorğulara 68 səhifədən ibarət hesabat şəklində cavab gəlib. Mən orada nə yazıldığını bilirəm. Onu da gizlədirlər. Özümün və nəslimdəki 38 nəfərin bank və maliyyə əməliyyatlarıyla bağlı bircə qanunsuzluq aşkarlanmayıb. Sorğuları iş materiallarına əlavə ediblər, lakin cavabları yox. Məqsəd məlumdur…”
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri prokurorluqdan vəkillərin tələb etdiyi sənədlərin alınmasına dair vəsatətlərə “yox” deyib.
Sabiq səfirin məhkəməsi dekabrın 23-də əcnəbi şahidlərin ifadələrilə davam edəcək.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə – 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işlərilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Amma o, özünü təqsirli bilmir. Deyir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.

 

Taryel İbrahimov

Gununsesi.info