Ombudsmanın nümayəndələri Saleh Rüstəmova baş çəkib

  • By admin
  • 15 Noyabr 2021 23:45

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, həbsdə olan Saleh Rüstəmov 10 gündür ki, aclıq aksiyasını davam etdirir, vəziyyəti ağırdır. Bu barədə Turan-a onun vəkili Bəhruz Bayramov bildirib.

Penitensiar Xidmətin müalicə müəssisəsində olan Rüstəmov 10 kiloqram çəki itirib.

Dünən mən onunla görüşdüm. Çətinliklə hərəkət edir, nəbzi sürətlə atır”, – Bayramov deyib.

Noyabrın 15-də Rüstəmovun yaxınları onu ziyarət ediblər və vəziyyətinin pisləşdiyini qeyd ediblər. Onlar Rüstəmovu  bu gün başlamaq istədiyi quru aclıq aksiyasından hələlik əl çəkməyə razı salıblar.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Ombudsmanın tapşırığı əsasında Ombudsman Aparatının əməkdaşları Milli Preventiv Qrupunun həkim üzvləri iştirakı ilə Saleh Rüstəmovla görüş keçirib.

Bu barədə Turana Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, S.Rüstəmovun vəziyyəti diqqətdə saxlanılır, ailə üzvləri və vəkili ilə mütəmadi görüşləri təmin olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və ” Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb.